Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.05.2018 09:16
  • A-
  • A
  • A+

AXC-nin 100 illiyinə həsr edilən şeir qiraəti müsabiqəsinin qalibləri bəlli olub

AXC-nin 100 illiyinə həsr edilən şeir qiraəti müsabiqəsinin qalibləri bəlli olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK), Azərbaycanda Atatürk Mərkəzi, "Müasir İnkişaf" və "Gənclərin Töhfəsi" ictimai birliklərinin təşkilatçılığı ilə keçirilən "Vətənim Azərbaycan" mövzusunda şeir qiraəti müsabiqəsinin final mərhələsi baş tutub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan müsabiqə "Səndən qeyri biz hamımız ölə billik!" şuarı altında keçirilib. Bakı şəhərindəki 100 məktəbdən 252 müraciət əsasında baş tutan müsabiqənin yekununda I və II mərhələləri keçərək finala vəsiqə qazanmış 16 şagird iştirak edib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra AXC-nin qurucuları, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü çıxış edərək müsabiqənin ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi haqqında imzaladığı Sərəncam çərçivəsində təşkil edildiyini bildirib.

Sonra çıxış edən müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov qiraət müsabiqəsinin önəmindən danışıb. O, müsabiqənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istiqlal tariximizin düzgün mənimsənilməsi baxımından vacib olduğunu bildirib.

Daha sonra finalçılar “Vətənim Azərbaycan” mövzusunda hazırladıqları şeirləri səsləndirib və münsiflər tərəfindən qiymətləndiriliblər.

I yerə Nəsimi rayonu 42 saylı orta məktəbin şagirdi Rauf Əliyev, II yerə Xətai rayonu 254 saylı orta məktəbin şagirdi Ayşə Əliyeva, III yerə isə Türk Dünyası Bakı Atatürk liseyinin şagirdi Oğuzxan Pənahlı layiq görülüblər. Qaliblər diplomla təltif edilib, noutbuk, planşet və fotoaparatla mükafatlandırıblar. Eyni zamanda bütün iştirakçılara MEK-in Mübadilə fondundan dəyərli kitablar hədiyyə olunub.

Sonda münsiflər heyətinin üzvləri - Xalq artisti Nurəddin Mehdixanlı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Zöhrə Əsgərova, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin kafedra müdiri Səidə Abbasova, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Qarabağ qazisi Anar Məmmədov çıxış edərək AXC-nin 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, müsabiqə haqqında fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: