Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.06.2018 12:00
  • A-
  • A
  • A+

AMEA-nın illik Ümumi yığıncağı keçirilib

AMEA-nın illik Ümumi yığıncağı keçirilib

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.

Ümumi yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra akademik Akif Əlizadə AMEA-nın beşillik fəaliyyətinə dair məruzə ilə çıxış edib.

AMEA rəhbəri akademiyanın Rəyasət Heyətinin 2013-cü ildə seçilmiş tərkibinin beşillik fəaliyyət müddətinin başa çatdığını, bu müddətdə prioritet istiqamətlər üzrə bir çox nailiyyətlərə imza atıldığını bildirib: “Bu gün Akademiya elmi problemlərin həlli ilə bərabər, respublikamızın ictimai və iqtisadi inkişafında, strateji yol xəritələrinin həyata keçirilməsində yaxından iştirak edir”.

Akademik Akif Əlizadə AMEA-da həyata keçirilən sosial proqramlardan, elmin populyarlaşdırılması istiqamətində fəaliyyətdən, hüquqi islahatlar, ictimaiyyətlə əlaqələrin qurulması sahələrindəki uğurlardan da söz açıb.

Natiq müasir dünyanın çağırışlarının, ölkəmizin inkişaf prioritetlərinin Azərbaycan elmi qarşısında yeni-yeni vəzifələr müəyyənləşdirdiyini deyib: “Azərbaycan alimləri kiber-fiziki sistemlər, molekulyar biologiya, molekulyar genetika, bioinformatika, texnologiyaların həyat proseslərinə kompleks tətbiqi, yaşıl təfəkkür, koqnitiv psixologiya, psixofizika, süni intellekt, neyrobiologiya, neyrofiziologiya, və başqa elm sahələrində ən müasir tədqiqatların müəllifləri olmalıdırlar. Biz Azərbaycan alimləri bütün qüvvələrimizi səfərbər edərək bu məqsədə doğru inamla addımlamalıyıq”.

Sonra AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair verilən suallar AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev tərəfindən cavablandırılıb.

Daha sonra Təhsil naziri Ceyhun Bayramov, Kənd təsərrüfatı naziri İnam Kərimov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, AMEA İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur BünyadovMolekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova çıxış ediblər.

Tədbirdə Ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA-nın Rəyasət Heyətinin 2017-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunaraq hesabat təsdiq edilib.

Qərarda “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda əks olunmuş elmi-nəzəri, praktiki və innovativ istiqamətlərdə vəzifələrin reallaşdırılması üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsi, beynəlxalq elmi əlaqələr, eləcə də yüksək texnoloji bizneslə əlaqələrin genişləndirilməsi, AMEA-da magistrant və doktorant hazırlığının dünya elminə inteqrasiya olunan, ölkədə bilik iqtisadiyyatını inkişaf etdirən perspektiv elmi istiqamətlər üzrə aparılması və digər məsələlərlə bağlı müddəalar yer alır.

Fasilədən sonra tədbir işini davam etdirib. Ümumi yığıncaqda AMEA-nın prezidenti vəzifəsinə və AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: