Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, həmin institutun Herbari və toxumçuluq, Efir yağlı bitkilər və Dendroxronologiya laboratoriyalarının əməkdaşları Lənkəran-Astara bölgələrində ekspedisiyada olublar.
Alimlər tematik plana uyğun olaraq, Hirkan Milli Parkının təbii və mədəni dendroflorasının monitorinqini aparıb, müasir vəziyyəti araşdırıblar.
Həmçinin Hirkan florasının “Azərsky” informasiya xidmətləri təsvirlərindən və geo-informasiya xidmətlərindən istifadə etməklə, geobotaniki təsvirinin 100-400 metr yüksəklikdə DJI Phantom 4 dron vasitəsi ilə çəkilişi aparılıb. Bu ərazidə dəmir ağac, qızıl ağac, Hirkan qovağı, Hirkan şümşadı, Hirkan ağcaqayını, Hirkan ənciri, Qafqaz xurması, Yalan qoz və s. növlərin təbii yayılma arealları aşkar edilib.
Ekspedisiya zamanı institutun əməkdaşları tərəfindən dərman əhəmiyyətli bitkilərin təbii ehtiyatları təyin edilib. Hirkan Milli Parkında olan çoxillik ağacların yaşını dendroxronoloji tədqiqatlarla təyin etmək məqsədi ilə nümunələr götürülüb. Ümumilikdə 70 növdən ibarət 450 nüxsə herbari nümunəsi toplanılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.