Pekin Universitetinin prorektoru, professor Tian Gangin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Fizika İnstitutunda olub.
Qonaqlar ilk olaraq Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovla görüşüblər.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bunyamin Seyidov da iştirak ediblər.
N.Məmmədov çinli alimlərə FRTEB-ə daxil olan institutların fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, bölməyə AMEA-nın 7 elmi tədqiqat müəssisəsi daxildir. İnstitutlarda həyata keçirilən tədqiqat işlərində müasir metodların tətbiqinə, innovativ yanaşmalara önəm verilir.
Sonra çıxış edən akademik İ.Quliyev AMEA-nın yaranma tarixi və qurumun Azərbaycan elminin inkişafında rolu haqqında qonaqlara məlumat verib. Bildirib ki, akademiya fəaliyyət göstərdiyi illərdə ölkə elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayıb, bir çox nailiyyətlərə imza atıb.
Professor T.Gang Çin və Azərbaycan arasındakı uğurlu əməkdaşlıqdan, “Bir kəmər, bir yol” strategiyası çərçivəsində həyata keçirilən işlərin əhəmiyyətindən bəhs edib. Prorektor ötən ay 120 illik yubileyi qeyd olunan Pekin Universitetinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Sonda qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan ən son maddi-texniki baza və alimlərin fəaliyyəti ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.