AMEA Rəyasət Heyətində “Göytəpə Arxeoloji parkı”nın yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatı keçirildi.
Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq abidənin tarixi əhəmiyyətindən danışdı. Xatırlatdı ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2012-ci ildə qərb bölgəsinə səfəri zamanı, Göytəpə neolit dövrü abidəsinin ilkin tədqiqat nəticələri ilə tanış olmuş, onun əsaslı öyrənilməsi məqsədi ilə “AMEA yanında Göytəpə Arxeoloji Parkı”nın yaradılması haqqında sərəncam imzalamışdır. Akademik arxeoloji kompleksin ictimaiyyətdə maraq oyatdığını, bu yolla qədim dövr insanlarının həyat və fəaliyyətinin, gündəlik yaşam tərzlərinin daha aydın şəkildə başa düşüldüyünü vurğulamışdır.
Sonra “Göytəpə Arxeoloji Parkı”nın ekspedisiya qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və İstanbul Texniki Universitetin Memarlıq fakültəsinin dosenti Zeynəb Eres təqdimatla çıxış edərək Tovuzda yerləşən Göytəpə neolit dövrü yaşayış məskəndə arxeoloji parkın yaradılması zərurətindən danışdılar.
Təqdimatda maddi mədəniyyət nümunələrini əks etdirən muzey − sərgi zalı, yeni yaradılacaq Neolit kəndi və turistlərin ziyarəti üçün nəzərdə tutulmuş tikililərin ilkin formaları nümayiş etdirildi.
Türkiyədən dəvət olunmuş İstanbul Universitetinin professoru Mehmet Özdoğan Qafqazın, o cümlədən Azərbaycanın tarixi, həmçinin erkən sivilizasiyaların tədqiqi baxımından yaşayış məskəninin dünya miqyasında əhəmiyyətini qeyd etdi, turizmin inkişafında müstəsna rola malik olduğunu vurğuladı.
Sonda fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.