Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-də başlanan Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.
Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.
İyulun 1-də “Marxal” istirahət kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub.
TÜRKSOY-un yaradılmasının 25 illiyinə həsr olunan tədbirdə bu beynəlxalq təşkilata üzv ölkələrdən olan solistlərin iştirakı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qazaxıstanın Atırau Dövlət Filarmoniyasının “Murager” mahnı və rəqs ansamblı birgə konsert proqramı ilə çıxış edib.
Konsert proqramı başa çatdıqdan sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxış edərək, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin, həmçinin festivalın bağlanış konsertinin təşkilinə göstərdiyi dəstəyə görə TÜRKSOY-un rəhbərliyinə təşəkkürünü bildirib.
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayevə festivalın rəmzi simvolu və xatirə hədiyyəsi təqdim olunub.
Sonra Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının təsis etdiyi Üzeyir Hacıbəyli xatirə medalını Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova və TÜRKSOY-un Baş katibi Düsen Kaseinova təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.