İyulun 6-da Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan tərcümə ensiklopediyası”nın təqdimat mərasimi keçirilib.
Tədbirdə kitabın ideya müəllifi, ADU-nun rektoru, akademik Kamal Abdullayev çıxış edərək 10 ildən çox müddətdə tərtib edilən əsərin əsl bilik xəzinəsi olduğunu vurğulayıb. Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı vacib şəxslərin, əhəmiyyətli əsərlərin bu kitabda unudulmadığını deyən rektor Bakı Slavyan Universitetinin və ADU-nun əməkdaşlarının birgə əməyinin məhsulu olan nəşrin tərcüməşünas, mədəniyyətşünas, filoloq və yazıçılar üçün dəyərli vəsait olacağına inamını ifadə edib.
"İlk dəfə oxuculara təqdim edilən “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, ölkəmizdə tərcümə tarixinin mühüm məqamları, nəzəri-təcrübi məsələləri əhatə olunub" - deyə bildirən akademik K.Abdullayev ensiklopediyanın elmi işlər üçün son dərəcə ciddi, faktoloji və nəzəri bünövrə rolunu oynadığını diqqətə çatdırıb.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dövlət sərəncamlarının, sənədlərin, “Dünya ədəbiyyatı kitabxanası”na daxil edilmiş əsərlərin siyahısının yer aldığı kitabın tərcümə sənəti və tərcümə elminə, Azərbaycan tərcümə tarixinə dair bir sıra önəmli məqamları özündə ehtiva etdiyini vurğulayıb. Qeyd edib ki, bu ensiklopediya Azərbaycan tərcüməşünaslığına dair ilk monoqrafik tədqiqatdır.
Kitabın elmi və tədris baxımından əhəmiyyətindən danışan İ.Həbibbəyli nəşrin həm də Azərbaycan ensiklopediya yaradıcılığında yenilik olduğunu bildirib.
Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən danışıb, nəşri mühüm mədəni hadisə kimi dəyərləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.