Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.07.2018 17:49
  • A-
  • A
  • A+

Misirin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Misirin Azərbaycandakı səfiri ilə görüş keçirilib

İyulun 10-da AMEA Rəyasət Heyətində Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim və Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi ilə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd iki ölkənin elmi müəssisələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqlara rəhbərlik etdiyi qədim elm ocağının yaranma tarixi və əsas elmi istiqamətləri haqqında məlumat verib. Bildirib ki, 70 ildən artıqdır fəaliyyət göstərən və bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da prioritet sahələrdə araşdırmalar aparılır, dünyanın nüfuzlu elmi mərkəzləri ilə əlaqələr qurulur. Alim hazırda Akademiyada 6 elmi bölmənin fəaliyyət göstərdiyini və bu müəssisələrdə elmi innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Misirin universitetlərində aparılan tədqiqatları yüksək qiymətləndirən akademik A.Əlizadə rəhbərlik etdiyi qurumla bu elm ocağı arasında müvafiq sahədə kadr və təcrübə mübadiləsinin aparılmasının, hər iki ölkənin elm və təhsil müəssisələri ilə üçtərəfli əlaqələrin qurulmasının vacibliyini önə çəkib. AMEA rəhbəri Misirin xüsusilə humanitar və ictimai elmlər sahəsində elmi təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını vurğulayıb.

AMEA Yüksək Texnologiyalar Parkı haqqında da məlumat verən A.Əlizadə bildirib ki, bu müəssisə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir.

Akademik A.Əlizadə səfirə azərbaycanlı mütəxəssislərin hazırladığı “Dünya palçıq vulkanları” atlasını təqdim edərək, ölkəmizdə vulkanların öyrənilməsi ilə bağlı aparılan araşdırmalardan danışıb. O, atlasda bütün dünya üzrə 3000-dən artıq vulkanın siyahıya alındığını bildirib.

Sonra çıxış edən səfir Adel İbrahim Azərbaycan ilə Misir arasında elm, təhsil və mədəniyyət sahəsində uzun illərdir mövcud olan əməkdaşlığın bu gün də yüksələn xətlə inkişaf etməkdə olduğunu qeyd edib. Misir Elmi Araşdırmalar Akademiyası haqqında məlumat verən qonaq bu qurumla AMEA arasında elmi əlaqələrin yaradılmasında lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib.

Səfir əməkdaşlığın davamlı inkişafı məqsədilə AMEA rəhbərini nümayəndə heyəti ilə birgə Misirə dəvət edib.

Görüşdə, həmçinin Azərbaycan-Misir elmi əlaqələrinin möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul olunub.

Sonda xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: