Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.07.2018 15:54
  • A-
  • A
  • A+

AMEA-da "Molla Nəsrəddin lətifələri" kitabının və www.mollanasreddin.az portalının təqdimatı olub

AMEA-da "Molla Nəsrəddin lətifələri" kitabının və www.mollanasreddin.az portalının təqdimatı olub

İyulun 12-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun və SOCAR AQŞ-nin təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri” kitabının və www.mollanasreddin.az portalının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə türk folklorunun, eləcə də Azərbaycan xalq mədəniyyətinin dünyaya bəxş etdiyi unikal müdriklik abidələrindən olan Molla Nəsrəddinin türk və müsəlman ölkələrində deyil, Avropa və Uzaq Şərq ölkələrində də populyarlıq qazandığını bildirib. Alim son illər dünyada ictimai və humanitar elmlər içərisində folklora marağın xeyli artdığını bildirərək, bu istiqamətdə multidistiplinar tədqiqatlara xüsusi önəm verildiyini diqqətə çatdırıb.

“Folklor xalqın etnik yaddaşında universallaşan biliklər sistemidir” – deyən AMEA rəhbəri qeyd edib ki, folklor xalq düşüncəsinin dini, mifoloji, etik, estetik və fəlsəfi istiqamətlərini əks etdirən dünyagörüş sistemidir.

Cəmiyyətdə ictimai nikbinlik əhval-ruhiyyəsinin yüksəldilməsi, sosial stressin aradan qaldırılması, sivil və liberal dəyərlər əsasında kommunikativliyin gücləndirilməsi və sosial inteqrasiyanın təmin edilməsində folklorun böyük rola malik olduğunu vurğulayan akademik A.Əlizadə Molla Nəsrəddin lətifələrinin toplanılması, kataloqlaşdırılması və araşdırılmasının əhəmiyyətini vurğulayıb. O, kitabın və Folklor və İnformasiya Texnologiyaları institutlarının birgə əməkdaşlığı nəticəsində “www.mollanasreddin.az” portalının yaradılmasını elmi, mədəni və didaktik-tərbiyəvi baxımdan yüksək qiymətləndirib.

Kitabı tədbir iştirakçılarına təqdim edən AMEA Rəyasət Heyətinin elmi-katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev bildirib ki, nəşrdə ümumtürk mədəniyyətinin ortaq gülüş qəhrəmanı olan Molla Nəsrəddinlə bağlı XIX əsrin ikinci yarısından bu günə qədər Azərbaycanda nəşr olunmuş 30-a yaxın mənbədən 600-dən çox lətifə toplanılıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan topluda lətifələr mənəvi-əxlaqi və didaktik prinsiplər əsas götürülüb.

H.Quliyev qeyd edib ki, kitabda, həmçinin dil-üslub baxımından müasir ədəbi dilin tələblərinə uyğunlaşdırılan lətifələrdə işlənən bir sıra arxaik sözlərin izahı verilib, 48 rəngli illüstrasiya əks olunub.

Müasir dizayn və texnoloji tələblər səviyyəsində hazırlanmış “mollanasreddin.az” portalını da tədbir iştirakçılarına təqdim edən H.Quliyev burada Molla Nəsrəddin haqqında mühüm məlumatlar və qeyri-türk xalqları içərisində yayılmış çoxsaylı lətifələrin, bu lətifələrlə bağlı dünyanın müxtəlif dillərində olan araşdırmaların, bir sıra incəsənət sahələrində Molla Nəsrəddinlə bağlı motivlərin, eləcə də Azərbaycan milli satirik mətbuatının əsasını təşkil edən “Molla Nəsrəddin” jurnalı barədə müxtəlif formatlı elektron resursların yer aldığını diqqətə çatdırıb. Alim portalda Molla Nəsrəddin lətifələrinin, bu barədə tədqiqat əsərlərinin tapılması üçün genişləndirilmiş axtarış sistemi və interaktiv əlaqə üçün forum imkanının da yaradıldığını qeyd edib.

Sonra SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək bu gün sürətli sosial-iqtisadi yüksəliş yolunda olan Azərbaycanın beynəlxalq miqyasda iqtisadi qüdrəti ilə deyil, həm də öz mənəvi dəyərləri, mədəni irsi ilə tanındığını qeyd edib.

“Son iki yüz ildə Azərbaycanın dünya miqyasında neftlə müəyyənləşən geosiyasi və iqtisadi mövqeyi hazırda muğam, musiqi, idman, folklor, intellektual fəaliyyətlə müşahidə olunan mədəni liderliyə də çevrilməkdədir”, – deyə bildirən akademik X.Yusifzadə Molla Nəsrəddin lətifələrinin müxtəlif məziyyətlərindən danışıb, bu lətifələrin tərbiyəvi məzmunla yanaşı, xalqımızın min illər ərzində qazandığı təcrübə və ətraf aləm haqqında bilikləri, deyim-duyumlar və ictimai münasibətləri barədə zəngin informasiya mənbəyi olduğunu qeyd edib: “Dünyanın qlobal problemlərlə üz-üzə qaldığı bir vaxtda Molla Nəsrəddin lətifələri mövcud problemlər qarşısında çıxış yolları axtaran insanlara mənəvi və sosial münasibətlər arasında harmoniya yarada bilən müdrik modellər təqdim etmək gücündədir”.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli müasir azərbaycançılıq ideologiyasının formalaşdırılması, tədqiqi və təbliğində folklorun rolundan söz açıb. O, Molla Nəsrəddinin bütün türk dünyasının ortaq mənəvi dəyəri, mədəniyyət abidəsi olduğunu qeyd edərək, müasir şəraitdə bu dəyərin təbliğinin ümumictimai hadisə olduğunu deyib. Alim bu baxımdan təqdim olunan kitabın və portalın olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov isə çıxışında Molla Nəsrəddin obrazı və onun mədəniyyətdəki yeri barədə danışıb. Bildirib ki, Molla Nəsrəddinin xalq gülüş mədəniyyətinin unikal obrazlarından olması onun təbiətində bir sıra sosial, mədəni, mifoloji, dini təsisatların izlərini tapmağa imkan verir. Qeyd edib ki, bu baxımdan Molla Nəsrəddin multidistiplinar kontekstdə geniş tədqiq olunmalıdır.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “www.mollanasreddin.az” portalının ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın Azərbaycanın milli-mənəvi dəyərlərinin virtual məkanda əks olunması hədəflərinə uyğun olaraq hazırlandığını bildirib.

İndiyədək Molla Nəsrəddinlə bağlı məlumatların sistemsiz şəkildə mövcud olduğunu deyən alim AMEA və SOCAR-ın mili ideologiya və milli-mənəvi dəyərlərə sahib çıxaraq kitabın və veb-portalın ərsəyə gəlməsinə böyük dəstək verdiklərini qeyd edib. 

Akademik R.Əliquliyev minilliklər ərzində formalaşaraq meydana gəlmiş bu xalq müdrikliyi nümunələrinin toplanaraq intellektual daşıyıcılar vasitəsilə semantika və məzmun nəzərə alınmaqla modelləşdirildiyini diqqətə çatdırıb. O, bu “virtual abidə”nin meydana gəlməsinin bütün dünya azərbaycanlıları üçün bir töhfə olduğunu vurğulayıb.

Təqdimatda AMEA Rəyasət Heyətinin elmi-katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı çıxış edərək Molla Nəsrəddin fenomeninə kütləvi səviyyə ilə yanaşı, intellektual səviyyədə sahiblik etməyin zəruri olduğunu bildiriblər. Qeyd olunub ki, hazırda dünyada mətn mərkəzli folklorşünaslıq paradiqmasından icra mərkəzli folklorşünaslıq paradiqmasına keçidin baş verdiyi bir şəraitdə Molla Nəsrəddin həm də sosial-antropoloji aspektlərdən təhlilə cəlb edilməlidir. Xüsusi elmi prinsiplər əsasında hazırlanmış kitab və portal bu istiqamətdə araşdırmaların aparılması üçün əlverişli şərait yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: