Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.07.2018 09:46
  • A-
  • A
  • A+

Elmi jurnalistikanın problemləri müzakirə olunub

Elmi jurnalistikanın problemləri müzakirə olunub

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini Ülviyyə Rzayeva və akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərviz Qasımov ilə görüş olub. Məqsəd elmi jurnalistikanın inkişafı, bu sahədə mövcud problemlərin həlli yollarının araşdırılması, birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Fakültənin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu elm və elmi biliklərin peşəkar səviyyədə populyarlaşdırılması və təbliğində mühüm rol oynayan yüksəkixtisaslı kadr hazırlığının önəmliyini qeyd edib. Elmi jurnalistikanın tədrisinin əhəmiyyətindən söz açaraq bu sahədə əməli addımların atılmasının zəruriliyini bildirib.

V.Zifəroğlu Azərbaycanda elmi jurnalistikanın formalaşması və inkişafı tarixi, müxtəlif problemlərinin tədqiqi, metodiki vəsaitlərin hazırlanması, bu sahədə dissertasiya işlərinin müdafiəsinin vacibliyini söyləyib. Həmçinin müxtəlif qurumların mətbuat xidmətləri ilə qurulan əməkdaşlıq əlaqələri, həyata keçirilən birgə layihələr və s. haqqında məlumat verib.

İdarənin rəis müavini Ülviyyə Rzayeva müasir dövrdə elmi-texniki sahədə dinamik inkişaf sayəsində elmi-populyar informasiyalara olan tələbatın artdığını qeyd edərək jurnalistlərin ixtisaslaşması və elmi-populyar üslubda məqalələrin yüksək səviyyədə hazırlanmasının əhəmiyyətindən danışıb. Qonaq müxtəlif elm sahələri üzrə ixtisaslaşmanın peşəkar elmi jurnalistlərin yetişdirilməsində vacib amillərdən olduğunu söyləyərək təkcə Jurnalistika fakültəsində deyil, həmçinin digər fakültələrdə təhsil alan tələblər üçün də elmi jurnalistika üzrə fakültələrarası mühazirələrin oxunmasının bu sahənin inkişafına dəyərli töhfələr verəcəyinə əminliyini bildirib: “Gənclərdə elmi jurnalistikaya maraq heç də az deyil. Məncə, belə bir sistemin təşkili daha məqsədəuyğun olardı. Bu zaman tələbələr həm seçdikləri ixtisas üzrə fakültəni bitirəcəklər, həm də bununla yanaşı elmi jurnalistikanın sirlərinə bələd olacaqlar”. 

Ü.Rzayeva alim-populyarizatorlarla, peşəkar elmi jurnalistlərlə tələbələr arasında bilik və təcrübə mübadiləsinin təşkili, müvafiq biliklərə malik elmi kommunikasiya üzrə mütəxəssislərin, elmlə cəmiyyət arasındakı münasibətləri, əlaqələri idarə etməyi bacaran kadrların hazırlanmasının qarşıda duran vəzifələrdən olduğunu bildirib. O, İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi ilə Jurnalistika fakültəsinin birgə əməkdaşlığı sayəsində bu kimi məsələlərin həllində uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib.    

Sonra qonaqlar fakültənin Tədris teleradio studiyası və startap layihələrinin hazırlanması üçün yaradılmış Barama Media Mərkəzinin fəaliyyəti ilə tanış olublar. BDU TV və radionun tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqində mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub, burada müasir dövrün tələblərinə cavab verən qabaqcıl texniki avadanlıqlar, səsyazma qurğuları və s. qonaqlar tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: