Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.05.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimi Almaniyada ezamiyyətdə olub

Azərbaycan alimi Almaniyada ezamiyyətdə olub

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Xarici Dillər kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Səadət Zeynalova AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “3 Mobillik qrantı” layihəsi çərçivəsində “Alman və Azərbaycan dillərində determinantlar və onların mətn düzəlməsində rolu” layihəsi üzrə Berlində (Almaniya) yerləşən Vilhelm von Humboldt Universitetinin Alman dili və Linqvistika İnstitutuna, həmçinin Universal Tədqiqatlar Mərkəzinə (UTM) ezam olunub.

Tədqiqatçı səfər çərçivəsində Alman dili və Linqvistika İnstitutunun direktor müavini, Alman dili Fonetika və Fonologiya kafedrasınn müdiri, UTM-in şöbə müdiri, professor Bernd Pompino-Marşal ilə görüşüb. Görüşdə Azərbaycan və alman dillərindəki müəyyənlik və qeyri-müəyyənlik kateqoriyasına aid olan determinantların müxtəlif mövqelərdən asılı olaraq müasir eksperimental-fonetik təhlili, müqayisə və tutuşdurma metodları əsasında əldə edilmiş nəticələr haqqında müzakirələr aparılıb. Tədqiqata cəlb olunmuş materiallar əsasında müqayisə olunan dillərin fərqli və oxşar xüsusiyyətləri aşkar olunub, Alman dili və Linqvistika İnstitutunun Alman dilinin Fonetika və Fonologiya kafedrasında, eləcə də UTM-də akustik analizə və statistik qiymətləndirilməyə dair növbəti eksperimentlər aparılıb və mövcud müasir proqramlar vasitəsi ilə mühüm nəticələr əldə edilib. Bu nəticələr əsasında məqalə hazırlanıb və “ZAS Papers in Linguistics” (ZASPiL) jurnalına təqdim olunması haqda qərar qəbul edilib.

Ezamiyyət zamanı professor S.Zeynalova Vilhelm von Humboldt Universiteti və Universal Tədqiqatlar Mərkəzinin əməkdaşları - Dr.Susan Fuçs və Jörg Dreyerin apardıqları yeni fonetik eksperimental tədqiqatların gedişi ilə tanış olub və adları çəkilən təşkilatlarda keçirilmiş tədbirlərdə iştirak edib.

Bununla yanaşı, Universal Tədqiqatlar Mərkəzi ilə birgə tədqiqat işlərinin aparılması üçün yeni elmi əlaqələr yaradılması istiqamətində müzakirələr aparılıb.

Sonda S. Zeynalovaya aparılan tədqiqatlarla bağlı sertifikat təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: