Sentyabrın 24-də AMEA Rəyasət Heyətində Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nümayəndə heyətinin tərkibinə BEA-nın sədr müavini, müxbir üzv Vasil Nikolov, bu müəssisənin baş elmi katibi, professor Evdokia Paşeva və Sofiya şəhərinin merinin müavini, arxeologiya üzrə fəlsəfə doktoru, dosent Todor Çobanov daxil idilər.
Görüşdə Avropa İttifaqı proqramları çərçivəsində müvafiq sahələr üzrə təcrübə, alim və tədqiqatçıların mübadiləsi və birgə layihələrin həyata keçirilməsi, həmçinin neft və qaz yataqlarının kəşfiyyatı, geologiya, seysmologiya, arxeologiya, ekologiya və digər prioritet sahələrdə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.
Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqlara akademiyanın yaranma tarixi, inkişaf mərhələləri və müasir dövrdə burada aparılan tədqiqatlar haqqında məlumat verib. Bildirib ki, 70 ildən çox yaşı olan bu qurum uzun illər ərzində ölkə elminin inkişafına mühüm töhfələr vermiş, çoxsaylı alim və mütəxəssislər yetişdirmişdir. Bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da prioritet istiqamətlərdə araşdırmalar aparılır, dünyanın nüfuzlu elm mərkəzləri və ali məktəbləri ilə əməkdaşlıq əlaqələri qurulur.
Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfərini xatırlayan A.Əlizadə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Paleontologiya və Tarixi Geologiya Muzeyi barədə danışıb. O, bu qurumla AMEA-nın Təbiət Tarixi Muzeyi arasında təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu deyib.
AMEA Yüksək Texnologiyalar Parkı haqqında da məlumat verən A.Əlizadə bildirib ki, bu müəssisə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir.
Akademiya prezidenti ölkəmizdə uzun illərdir ki, vulkanların öyrənilməsi ilə bağlı araşdırmaların aparıldığını, Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən bu istiqamətdə mühüm tədqiqatların həyata keçirildiyini qeyd edib. Alim sentyabrın 23-də Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verdiyini də diqqətə çatdırıb.
A.Əlizadə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, cari ildə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan ölkələri Xəzər dənizinin sərhədlərinin bölünməsi ilə bağlı razılığa gələrək Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalayıblar. AMEA rəhbəri bu konvensiyanın Xəzər dənizi üzrə tədqiqat aparan alimlər üçün də böyük əhəmiyyətə malik olduğunu qeyd edib, həmçinin sənədin multidissiplinar araşdırmaların aparılmasına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Sonra çıxış edən akademik Yulian Revalski Azərbaycana ilk dəfə səfər etdiyini bildirib. Alim rəhbərlik etdiyi qurum haqqında məlumat verərək, BEA-da fəaliyyət göstərən 42 müəssisədə elmin müxtəlif sahələrində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu, eləcə də dünyanın bir sıra elm mərkəzləri ilə əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. O, AMEA ilə riyaziyyat, arxeologiya, astrofizika, ekologiya, informasiya texnologiyaları və s. sahələr üzrə birgə tədqiqatların yerinə yetirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Son zamanlar iki ölkənin elmlər akademiyaları arasında əməkdaşlığın daha da möhkəmləndiyini deyən BEA-nın sədri bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Sonda xatirə hədiyyələri təqdim olunub.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.