Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Azərbaycan Universitetində tələbələr üçün mühazirə oxuyub.
Mühazirə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdə ölkəmizdə və Cənubi Qafqazda ictimai-siyasi vəziyyət və təhsil sahəsində həyata keçirilən islahatları əhatə edib. Qeyd olunub ki, Cümhuriyyətin qurucuları təhsil sahəsinin tamamən yenilənməsi, xalqın maariflənməsi və milli kadrların hazırlanması məsələlərinə xüsusi əhəmiyyət verib. Azərbaycan dilinin dövlət dili elan edilməsi, məktəblərin milliləşdirilməsi həyata keçirilən ilk və ən mühüm tədbirlərdən olub.
Alim çıxışında 23 aylıq müddətdə təhsil sisteminin idarə olunmasında və məzmununda aparılan islahatlar, dərsliklərin hazırlanması, parlamentin qərarı əsasında 100 nəfər gəncin xaricə oxumaq üçün göndərilməsi, ölkədə ilk ali təhsil müəssisəsi – Bakı Dövlət Universitetinin yaradılması, ibtidai təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi, digər islahat və yeniliklər haqqında məlumat verib, iştirakçılara maraqlı faktlar və statistik rəqəmlər açıqlayıb. Mühazirədə Hacı Zeynalabdin Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyətinə də xüsusi yer ayrılıb.
Daha sonra M.Mərdanov universitetin kollektivini 5 oktyabr – Beynəlxalq Müəllimllər Günü münasibəti ilə təbrik edib, cəmiyyətin tərəqqisində müəllimlərin böyük əməyi və rolu olduğunu vurğulayıb.
Sonda o, həmmüəllifi və layihə rəhbəri olduğu “Azərbaycan Təhsili Xalq Cümhuriyyəti illərində (1918-1920)” , “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar”, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti”, “Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz” kitablarını universitetə hədiyyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.