Oktyabrın 22-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Seyfəddin Altaylının "Azərbaycan türkcəsi sözlüyü" adlı üç cildlik müqayisəli lüğətinin təqdimatı olub.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun dünya üçün nümunə olduğunu bildirib. O, Azərbaycan və Türkiyə ədəbiyyatlarının ortaq köklərindən, müasir ədəbi əlaqələrin inkişafından danışıb. Qeyd edib ki, ictimaiyyətə təqdim olunan yeni nəşr Azərbaycan-Türkiyə münasibətlərinin əbədi və sarsılmazlığının daha bir bariz nümunəsi, yazılı salnaməsidir.
“Azərbaycan-Türkiyə qardaşlığı bu gün hər iki ölkənin dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən daha da genişlənməkdədir və özünün zirvəsinə çatıb” – deyən akademik İ.Həbibbəyli bildirib ki, Türkiyə vətəndaşı olan Seyfəddin Altaylı bu işi ilə Azərbaycan elminə çox sanballı töhfə verib.
AMEA-nın vitse-prezidenti müasir dövrdə izahlı lüğətlərə böyük ehtiyac olduğunu söyləyərək, Seyfəddin Altaylının 80 mindən çox sözü əhatə edən bu lüğət üzərində 30 il çalışdığını bildirib. O, yaxın günlərədə Dilçilik İnstitutu tərəfindən çap olunmuş “İzahlı terminlər lüğəti”nin təqdimatının da keçiriləcəyini söyləyib.
Akademik İ.Həbibbəyli tədbir çərçivəsində Türk Dil Qurum ilə AMEA-nın Ədəbiyyat və Dilçilik institutları arasında əməkdaşlıq memorandumunun imzalanacağını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi “Azərbaycan türkcəsi sözlüyü”nün Mahmud Kaşqarinin “Divani-lüğət-it türk” əsərindən sonra ərsəyə gələn ən önəmli 10-15 lüğətdən biri olduğunu deyib.
Tədbirdə çıxış edən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, professorlar İsmayıl Məmmədov, Sayalı Sadıqova və digərləri lüğətin nəşrini əlamətdar hadisə kimi dəyərləndirib, belə bir sanballı kitaba görə müəllifə minnətdarlıqlarını bildiriblər.
Sonda nəşrin müəllifi Seyfəddin Altaylı çıxış edərək kitabın 88 mindən artıq sözün qarşılıqlı müqayisəsi əsasında hazırlandığını qeyd edib. O, xalqımızın dilində olan sözlərin, idiomatik ifadələrin toplanılaraq nəşr olunmasının zəruriliyini diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.