Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.10.2018 14:03
  • A-
  • A
  • A+

"Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar" mövzusunda beynəlxalq konfrans keçirilib

"Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar" mövzusunda beynəlxalq konfrans keçirilib

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) təşkilatçılığı ilə "Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar" mövzusunda I beynəlxalq elmi konfransı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, AMEA-nın vitse-prezidentləri, akademiklər - İbrahim Quliyev, İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları, o cümlədən Rusiya, Ukrayna, Çin və digər ölkələrdən 30-a yaxın alimlər iştirak ediblər.

Konfransı akademik İsa Həbibbəyli açaraq ETİ-nin yaranma tarixindən, əldə etdiyi nailiyyətlərdən, aparılan tədqiqat işlərindən və beynəlxalq əlaqələrindən söz açıb. Qeyd edib ki, 2014-cü ildən fəaliyyətə başlayan müəssisə qısa müddətdə ərzində bir çox uğurlara imza atıb, ölkə və beynəlxalq miqyasda tanınıb.

İ.Həbibbəyli son illərdə institutda elm və texnikanın əsas sahələri və problemlərinin tarixi, AMEA və onun tərkibindəki elmi müəssisələrin tarixi, elmşünaslıq, mənbəşünaslıq, o cümlədən elmi-maarifçilik istiqamətində tədqiqatların aparıldığını söyləyib. Akademik, həmçinin respublikada ilk dəfə ETİ tərəfindən dəqiq və təbiət elmlərinin tarixi, bu elmlərin Azərbaycanda təşəkkülü və inkişaf mərhələlərindən bəhs edən yeni oçerklərin hazırlandığını diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə olaraq ETİ-nin əməkdaşları tərəfindən Rusiya, Gürcüstan və Türkiyə arxivlərindən önəmli sənədlərin araşdırılaraq üzə çıxarıldığını vurğulayıb.

Alim, o cümlədən elmşünaslıq istiqamətində aparılan tədqiqatların Ali Attestasiya Komissiyası tərəfindən indeksləşdirilməsinin zəruriliyini deyib.

Sonra akademik Nərgiz Axundova və  Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seydibəyli çıxış edərək ETİ-nin qısa müddətdə dünyanın bir çox elmi mərkəzləri ilə əlaqələr qurduğunu və əməkdaşlıq etdiyini diqqətə çatdırıblar.  Qeyd olunub ki, müəssisədə elmlərin multidissiplinar təhlilini vermək, elm tarixinin nəzəri və metodoloji problemlərini əsaslandırmaq, eləcə də qədim dövrdən bu günə qədərki tarixi görüşlərin formalaşmasını öyrənmək istiqamətində işlər aparılır.

Beynəlxalq konfransda, həmçinin Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun direktoru, t.ü.f.d. Dmitri Şerbinin "Elmi fəaliyyətin dövlət tənzimlənməsi sisteminin dəyişdirilməsi dövründə elm və texnologiya tarixinin tədqiqat istiqamətləri", həmin müəssisənin Sankt-Peterburq filialının direktoru, s.ü.f.d. Nadejda Aşeulovanın "Elmşünaslıqda beynəlxalq akademik əməkdaşlıq peşəkar cəmiyyətlər xəttində", REA-nın müxbir üzvü Yuri Baturinin "Fənlərarası koqnitiv mexanizm", Helmholtz Elmi-Tədqiqat Mərkəzinin Dinamik sistemlər şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevin "Riyaziyyat və onu əhatə edən dünya" və Çin Elmlər Akademiyasının Təbiət Elmləri Tarixi İnstitutunun direktoru Zanq Bayçunun "Çinin elm və texnologiya tarixçiləri nəyə hədəflənib?" mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: