Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.11.2018 17:47
  • A-
  • A
  • A+

Göyçayda “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

Göyçayda “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

Noyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyası, Göyçay Rayon İcra Hakimiyyəti, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşktilatının və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Göyçay şəhərində “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

Öncə tədbir iştirakçıları Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ehtiramla yad edərək, önünə gül dəstələri düzüblər.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə yüksək qonaqpərvərliyə görə alimlər adından şəhər icra hakimiyyəti rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Azərbaycan alimlərinin aqrar sektorun inkişafı, əhalinin qida təhlükəsizliyinin təmin edilməsi, maddi rifahın yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirdiyini deyən akademik Akif Əlizadə konfransın nar bitkisi və məhsullarının multidissiplinar problemlərinə həsr olunduğunu bildirib.

Akademik kənd təsərrüfatının ətraf mühitə ziyan vurmadan elmi əsaslarla inkişafı, məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi, ixracyönümlü məhsul istehsalının artırılması, kənd təsərrüfatı məhsullarına ehtiyacın daxili istehsal hesabına təmin edilməsinin elmin qarşısında duran mühüm vəzifələr olduğunu söyləyib. Natiq AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi arasında sentyabr ayında imzalanan qarşılıqlı əməkdaşlığa dair memoranduma da toxunub. Sənəddə birgə əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirildiyini və icrası ilə bağlı əməli fəaliyyətə başlanıldığını bildirib.

Akademiyada biologiya üzrə müasir dünya standartları səviyyəsində tədqiqatların aparıldığını deyən alim AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda həyata keçirilən “Genom və transkriptom səviyyəsində bitki genetik ehtiyatlarının identifikasiyası, onların saxlanılması və səmərəli  istifadəsi üzrə dayanıqlı sistemin yaradılması” adlı tədqiqatı xüsusilə qeyd edib: “Son dövrlərdə qəbul edilmiş bir sıra dövlət proqramlarında ənənəvi kənd təsərrüfatı bitkilərinin inkişaf etdirilməsi əsas istiqamətlərdən birini təşkil edir. Azərbaycana valyuta qazandıracaq bitkilərin siyahısında fındıqdan sonra nar bitkisi önəmli rola malikdir”

Alim onu da vurğulayıb ki, ilk dəfə olaraq AMEA və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə əməkdaşlığı nəticəsində Azərbaycanın 10-dan çox rayonunda nar bitkisinin yerli xalq seleksiyası sortlarının koordinatları xəritələşdirilib: “Ən mühüm addımlardan biri, dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomunun oxunması və genom məlumatlarının ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən qeydə alınmasıdır”.

Akademik Akif Əlizadə qeyd edib ki, nar genomunun oxunması nəticəsində əldə olunmuş yüksək keyfiyyətli referens genom nar bitkisinin iqtisadi əhəmiyyət kəsb edən xüsusiyyətlərinin yaxşılaşdırılması üçün mövcud yol xəritəsi, genom məlumatlarını birbaşa təsərrüfat əhəmiyyətli əlamətlərlə əlaqələndirməyə imkan verəcək.

Sonra çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov 1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə bu sahadə çalışan insanların peşə bayramını təbrik edib.

S.Talıbov iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahədə həyata keçirilən islahatların əhəmiyyətindən danışıb. Kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilərin yüksəldiyini, bu istiqamətdə islahatların daha böyük nəticələr verəcəyinə əminliyini bildirib.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə konfrans iştirakçılarını şəhərdə görməkdən məmnun olduğunu bildirib. Qonaqları nar bayramı münasibətilə təbrik edərək konfransın işinə uğurlar arzulayıb.     

İcra başçısı rayonda sosial-iqtisadi inkişaf və kənd təsərrüfatı sahəsində əldə olunan uğurlar barədə məlumat verib. Narçılığın iqtisadi cəhətdən gəlirli sahə olduğunu vurğulayan M.Səlimzadə rayon üçün ənənəvi sayılan bu sahənin inkişafına dəstəyin davam etdiyini bildirib. İcra başçısı məhsuldar nar sortlarının yetişdirilməsi, yeni bağların salınması istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanda dövlətin elmə yüksək dəstək göstərdiyini qeyd edərək, BMT-nin İnkişaf Proqramı ilə birgə icra olunan layihələrin əhəmiyyətindən danışıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak Azərbaycanın aqrar sahədə böyük potensiala malik olduğunu və son illər burada mühüm nailiyyətlərin əldə edildiyini deyib. Ofis rəhbəri təşkilatın Azərbaycanda həyata keçirilən layihə və proqramları barədə də məlumat verib.

Konfransda AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Nar bitkisi və insan sağlamlığı” mövzusunda çıxış edib. Alim narın xalq təbabətində və müasir tibbdə geniş istifadəsindən, onun mədə xəstəlikləri, astma, angina, sinqa, ateroskleroz və bir çox xəstəliklər zama­nı müalicəvi xüsusiyyətlərindən, nar qabığının xərçəng növlərinə qarşı müalicəvi əhəmiyyətindən, eləcə də nar çəyirdəyi yağının arterial damarların təmizlənmə­sində faydalarından söz açıb.

Sonra çıxış edən Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafında ixrac potensialı yüksək olan kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına xüsusi diqqət yetirdiyini bildirib. Bununla bağlı bir çox sərəncamların imzalandığını xatırladıb.

Z.Əkbərov “Azərbaycanda narın bioloji müxtəlifliyi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda tarixən yetişdirilən nar sortlarından, narın dünya üzrə geniş sort müxtəlifliyindən, narın öyrənilməsində və kolleksiyalarının zənginləşdirilməsində tədqiqatlardan, narın genetik müxtəlifliyinin bioekocoğrafi tədqiqindən bəhs edib. Bu sahədə mövcud problemlərdən və onların həlli istiqamətində tövsiyə olunan metodlardan danışıb.

Tədbirdə BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov “Nar meyvəsindən alınan ekstraktda nanohissəciklərin bioloji sintezi və nitratların təmizlənməsi”, Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov “Nar bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri”, Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov ““Azərbaycan gülöyşəsi” nar sortunun genomunun oxunması”, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aparıcı elmi işçisi, professor Əlibala Əlizadə “Üzvi gübrələr ekoloji təmiz nar məhsulu istehsalında”, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov “Nar genomunda yazılanlar: anladıqlarımız və cavabını gözləyən suallar”, Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Vahid Əliyev “Nar bitkisi sortlarının seleksiyası” və T.Əhmədov adına “AZNAR” QSC-nin direktoru Teymur Əhmədov “Nar məhsullarının istehsalı və ixrac potensialının artırılması” mövzularında çıxış ediblər.

Konfrans məruzələr ətrafında müzakirələrlə davam edib.

Daha sonra konfransın qətnaməsi qəbul olunub.

Qətnaməyə əsasən, müzakirələrin, təhlil və təkliflərin nar və onun məhsullarının istehsalında, emalında, saxlanmasında, istehlak və ixrac potensialının artırılmasında və bu sahədə elmi tədqiqatların inkişafında əhəmiyyətinin nəzərə alınması məqsədəuyğun hesab edilib. Bundan əlavə, qətnamədə narın genetik tədqiqi, biotexnologiya, gen mühəndisliyi, İKT və digər sahələrin cəlb edilməsi ilə tədqiqat proqramlarının hazırlanması, hər bölgəyə və sorta uyğun yeni becərmə aqrotexnologiyalarının işlənilməsi, nar bitkisi üçün geniş ərazidə canlı təbiət muzeyinin yaradılması, narçılıq üzrə elmi əsaslı Dövlət Proqramı layihəsinin hazırlanması və müvafiq dövlət orqanları qarşısında bu barədə vəsatət qaldırılması kimi məsələlər yer alır.

Konfransın sonunda sertifikat və mükafatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: