Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Zəki Öztürk AMEA-nın Gəncə Bölməsini ziyarət edib.
Qonağı bölmənin sədri, akademik Fuad Əliyev qarşılayaraq xalqlarımız arasında minilliklərə dayanan qardaşlıq və dostluq münasibətlərinin olduğunu, ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdən etibarən dövlətlərimiz arasında əlaqələrin hərtərəfli inkişafının təməlinin qoyulduğunu, bu siyasətin hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
F.Əliyev 1918-ci ildə ölkəmizin bolşevik-daşnak işğalından azad olunmasında Qafqaz İslam Ordusunun mühüm rol oynadığını söyləyib, həmçinin bu il bölmə tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Gəncə şəhərindəki üç aylıq fəaliyyətinə həsr edilən 5 monoqrafiyanın işıq üzü gördüyünü deyib.
Akademik Türkiyə Respublikasının AXC-ni, o cümlədən müstəqil Azərbaycan dövlətini tanıyan ilk dövlət olduğunu diqqətə çatdırıb.
Alim Gəncə şəhərinin əsrlər boyu elm və mədəniyyət mərkəzi kimi inkişaf etdiyini, milli-mənəvi dəyərləri daima qoruduğunu vurğulayıb. O, daha sonra bölmədə son illərdə aparılan fundamental tədqiqatlar və əldə edilən elmi nailiyyətlər barədə qonağa məlumat verib. F.Əliyev Türkiyənin Ali Elmi Qurumu olan TÜBİTAK, həmçinin Qara Dəniz Texniki Universiteti, Səlcuq və Ərciyəs universitetləri ilə təbiət və humanitar elmlər sahəsində əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.
Görüşdə, o cümlədən Gəncənin qədim arxeoloji və etnoqrafik irsinin araşdırılması, şəhərin tarixinə dair arxiv sənədlərinin tədqiqi məqsədilə türkiyəli alimlərlə birgə yeni layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.
Sonda Z.Öztürk səmimi qarşılanmaya görə təşəkkürünü bildirib, bölmənin bir neçə tədqiqat laboratoriyası ilə tanış olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.