Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2018 17:02
  • A-
  • A
  • A+

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Noyabrın 23-də AMEA Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib.

Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

Əvvəlcə akademik Əhliman Əmiraslanov iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Ə.Əmiraslanov bölmənin elmi müəssisələrinin 2018-ci il üzrə elmi və elmi təşkilati fəaliyyətinə dair hesabatlarının vəziyyəti ilə maraqlanıb. Bölməyə daxil olan müvafiq institutların rəhbərlərinə AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında imzalanan Niyyət Sazişi çərçivəsində bir sıra tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib.

Sonra Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) aparılan elmi və elmi-təşkilati islahatların həyata keçirilməsinin öyrənilməsinə dair komissiyanın arayışını diqqətə çatdırıb.

TAİ-nin direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev elmi müəssisənin hazırda iştirak etdiyi layihələr və islahat planları barədə məlumat verib.

Daha sonra AMEA-nın müxbir üzvü Nuru Bayramov “Onkologiya terminləri lüğəti”nin nəşri haqqında danışıb. Respublikada ilk dəfə belə bir nəşrin hazırlandığını deyən alim lüğətdə qeyd olunan tibb sahəsi üzrə terminlərin və onların Azərbaycan dilində izahının əks olunduğunu bildirib.

Növbəti elmi-təşkilati məsələ Zoologiya və Genetik Ehtiyatlar institutlarının elmi şuralarının tərkibində və Dendrologiya İnstitutunun strukturunda dəyişiklik edilməsi ilə bağlı olub.

İclasda akademik Əhliman Əmiraslanov TAİ-nin torpaqların rekultivasiyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Fərhad Sadıqova 70 illik yubileyi münasibətilə Biologiya və Tibb Elmləri Bölməsinin fəxri fərmanını təqdim edib. Həmçinin institutun torpaq fizikası laboratoriyasının baş elmi işçisi, professor Akif Gərayzadənin 80 illik yubileyinin keçirilməsi qərara alınıb.

Sonda bölməyə daxil olan bir neçə elmi müəssisənin kadr məsələləri ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: