Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Almaniyada “Qafqaz: Qara dəniz və Xəzər dənizi arasında bitki müxtəlifliyi” kitabı nəşr olunub
03.06.2014 00:00
  • A-
  • A
  • A+

Almaniyada “Qafqaz: Qara dəniz və Xəzər dənizi arasında bitki müxtəlifliyi” kitabı nəşr olunub

Almaniyanın Berlin Botanika Bağı və Botanika Muzeyində (BBBM) “Qafqaz: Qara dəniz və Xəzər dənizi arasında bitki müxtəlifliyi” adlı kitab dərc olunub. Alman və ingilis dillərində yazılmış nəşrdə Qafqaz ölkələrinin zəngin təbiəti, tarixi və mədəniyyəti haqqında dəyərli məlumatlar öz əksini tapıb. Kitabın müəllifləri arasında AMEA Botanika İnstitutunun direktoru, prof. Validə Əlizadə, Bitki ehtiyatları şöbəsinin müdiri, b.e.d. Eldar Novruzov, Elmi informasiya və innovasiya şöbəsinin müdiri, b.ü.f.d. Esmira Əlirzayeva və institutun BBBM-də təhsil alan doktorantı Elmira Məhərrəmova da vardır.

 

Kitabda V.Əlizadə və E.Əlirzayeva tərəfindən dərc edilən “Azərbaycan: mühafizə və ekoturizm potensialı” mövzusunda məqalədə Azərbaycanın zəngin florası, sənaye əhəmiyyətli bitki növləri, onların mühafizəsi üçün hazırki dövrdə yaradılmış şərait haqqında geniş məlumat verilib. Bununla yanaşı, məqalədə xarici turist və iş adamlarını tarixən Azərbaycana cəlb edən qədim insan məskənləri Azıx və Buzeyir mağaraları, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Nobel və Siemens şirkətlərinin Azərbaycandakı fəaliyyəti, alman mühacirlərinin üzümçülük, mis və qızıl mədənlərinin inkişafında rolu, hazırda Naxçıvan və Şahdağda fəaliyyət göstərən müalicə və istirahət mərkəzləri haqqında tarixi faktlara söykənən məlumatlar ətraflı işıqlandırılmışdır. E.Novruzovun həmin kitaba daxil edilmiş məqaləsi isə keçmiş SSRİ məkanında yalnız Azərbaycanda becərilən və bütün dünyada çox qiymətli bitki kimi yüksək dəyərləndirilən zəfəran bitkisi, onun tarixi, yayılması, məişətdə və təbabətdə əhəmiyyəti, tarixi və müasir tətbiq sahələrinə həsr edilmişdir.

 

Kitabda son illər AMEA Botanika İnstitutunun BBBM-lə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi uğurlu layihə və onun nəticələrinə geniş yer ayrılmışdır. E.Məhərrəmova və BBBM-in direktoru, prof. T.Borsch tərəfindən hazırlanan oçerk Azərbaycanın unikal Hirkan meşələri və relikt ağac növü olan Zelkova bitkisinin müştərək layihə çərçivəsində molekulyar sistematik tədqiqatlarının nəticəsini əks etdirir. Azərbaycanda geniş yayılmış nar, qızılgül və s. bitki növləri, onlardan qida sənayesində və xalçaçılıqda istifadə haqqında da maraqlı məlumatlar əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: