Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.11.2018 12:58
  • A-
  • A
  • A+

“Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransı keçirilib

“Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransı keçirilib

Noyabrın 29-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransı keçirilib.

Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransda gənc alim və tədqiqatçılar, müxtəlif universitetlərdə qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Əvvəlcə foyedə Qafqazşünaslıq İnstitutunun nəşrlərindən ibarət sərgi nümayiş etdirilib.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək zaman-zaman ermənilərin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və deportasiya siyasətindən söz açıb, konfransın elmi və tarixi əhəmiyyətini vurğulayıb. O, Qafqazdakı deportasiyalardan bəhs edən tədbirin ölkəmizdə bu mövzuda keçirilən ilk respublika konfransı olduğunu deyib.

Konfransın mövzusunun hər zaman xalqımız üçün aktual və vacib olduğunu deyən AMEA-nın vitse-prezidenti tariximizin qanlı səhifələri olan soyqırımı və deportasıyaların gənc tədqiqatçılar tərəfindən öyrənilməsinin önəmini vurğulayıb. Bildirib ki, bu konfrans Qafqazda müxtəlif xalqlara qarşı həyat keçirilən deportasiyaların tədqiqində, tarixi əhəmiyyətli faktların ortaya çıxarılmasında, həmin sənədlərin ümumiləşdirilməsində və bu sahə üzrə məşğul olan alim və gənc tədqiqatçıların bir araya gəlməsində böyük əhəmiyyət daşıyır.

Akademik İ.Həbibbəyli Qafqazşünaslıq İnstitutunun fəaliyyəti ilə bağlı da fikirlərini bölüşərək, bu müsəssisənin qısa müddətdə xeyli uğurlu işlər həyata keçirdiyini, tarixçi alimlərin səyi ilə aparılan elmi araşdırmalar nəticəsində qiymətli elmi faktların aşkarlandığını qeyd edib. Alim AMEA-da xalqımızın başına gətirilən faciələri, 20-ci əsrin əvvəllərindən başlayaraq çar Rusiyasının havadarlığı ilə erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını, deportasiya və işğal kimi dəhşətli tarixi gerçəklikləri özündə əks etdirən çoxsaylı elmi əsərlərin yazıldığını və müxtəlif dillərdə nəşr olunduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti ulu öndər Heydər Əliyevin soyqırımı və deportasiya məsələlərinə prinsipial yanaşma nümayiş etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Ulu öndər Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə, ədalətsiz deportasiya siyasətinə hüquqi-siyasi qiymət verilib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.

Çıxışının sonunda akademik İ.Həbibbəyli konfransın bu mövzuda elmi nəticələrin əldə olunmasına müsbət nəticələr verəcəyinə əminliyini bildirib.

Daha sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı “XX əsrin 40-cı illərində beynəlxalq şərait və Qafqazda deportasiyalar” mövzusunda məruzəsini təqdim edib. O, Qafqazda deportasiyalardan, həmçinin 40-cı illərin deportasiyalarının təməl prinsiplərindən söz açıb, onları tarixi, siyasi baxımdan təhlil edərək faktlarla diqqətə çatdırıb.

M.Qasımlı konfransın keçirilməsinin məqsəd və əhəmiyyətindən danışaraq, bu il azərbaycanlıların Ermənistandan deportasiya edilməsinin 70 ilinin tamam olduğunu söyləyib. Şimali Qafqazda və Qara dəniz sahillərində müxtəlif xalqlara qarşı deportasiya siyasətinin həyata keçirildiyini diqqətə çatdıran alim elmi konfransa Azərbaycanın müxtəlif ali məktəblərindən, ali təhsil müəssisələrindən gənc tədqiqatçıların qatıldığını bildirib. Tədbirə Rusiya və Ukraynadan da tezislərin göndərildiyini deyən institut direktoru konfransın deportasiyalarla bərabər, müasir dövrdə bəzi problemlərin öyrənilməsində də faydalı olacağına əminliyini bildirib.

Konfrans işini “Cənubi Qafqazda deportasiyalar” və “Şimali Qafqazda deportasiyalar” mövzularında bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələrinə həsr edilən məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: