AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində 2018-ci ilin mülki müdafiə hazırlığının yekunları və 2019-cu ilin təşkilati göstərişlərinə həsr olunan seminar-məşğələ keçirilib.
Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri iştirak edib.
Seminarı şöbənin rəisi Eldar Quliyev açaraq cari ildə AMEA-da mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı, Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri və akademiyanın 2018-ci il Tədbirlər Planına əsasən təşkil olunduğunu diqqətə çatdırıb.
E.Quliyev hesabat ilində şöbənin təşkilatçılığı ilə AMEA-nın alimlərinin, o cümlədən FHN-nin Mülki Müdafiə İdarəsi və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının "Dünyada gedən siyasi proseslər və beynəlxalq vəziyyət", "Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi", "Zəlzələlərin başvermə səbəbləri və zəlzələ zamanı davranış qaydaları", "Fövqəladə hallarda termik zədələnmələr və zəhərlənmələr zamanı özünəyardım və qarşılıqlı yardımın göstərilməsi" və digər mövzularda məruzələrinin dinlənildiyini xatırladıb. Bundan əlavə, 2018-ci ildə Ümumdünya Mülki Müdafiə Günü münasibətilə, o cümlədən akademiyanın elmi müəssisə və təşkilatlarında hərbi vəzifəlilərin hərbi uçot və bron edilməsi işlərinə dair tədbirlərin keçirildiyini vurğulayıb.
E.Quliyev cari ildə MM-in təşkili və yaradılması, MM tədbirlərinin yerinə yetirilməsi və icraya nəzarət məqsədilə bir sıra institutlarda yoxlamaların aparıldığını, qeydə alınan çatışmazlıqların yerindəcə aradan qaldırıldığını diqqətə çatdırıb. O, həmçinin MM üzrə tədris məsələlərinin keyfiyyətinin yaxşılaşdırılmasilə bağlı qərargah rəislərinə müvafiq tapşırıqlarını verib. Eyni zamanda müəssisələrdəki fərdi mühafizə vasitələrinə nəzarətin artırılması və uçotunun aparılması, eləcə də FHN-in müvafiq laboratoriyalarında yoxlanışdan keçirilməsinin önəminə toxunub.
Şöbə rəisi 2019-cu ilin Tədbirlər Planının hazırlandığını, təsdiq olunduqdan sonra elmi müəssisə və təşkilatlara göndəriləcəyini söyləyib.
Seminarda şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək 2018-ci ilin yekun hesabatının, mülki müdafiənin təşkili, yaradılması və MM hazırlığı üçün sənədlərin hazırlanması, 2019-cu il üçün AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə qərargah rəisləri tərəfindən tərtib ediləcək tədbirlər planına dair tövsiyələr verib.
Daha sonra noyabr ayında keçirilən Rəhbər Heyətin Mülki Müdafiə məşqləri və Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında MM qərargah rəislərinin çıxışları dinlənilib.
Sonda bir sıra cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.