AMEA-nın Dilçilik İnstitutunun təşkilatçılığı ilə Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.
Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbiri Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq sessiyanın Prezident İlham Əliyevin "Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 17 may 2018-ci il tarixli Sərəncamı çərçivəsində təşkil olunduğunu söyləyib. O, Sərəncama əsasən şairlə bağlı rəhbərlik etdiyi müəssisənin təşkilatçılığı ilə mütəmadi tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Müşfiqi Azərbaycan lirik şeirinin klassiki adlandıran M.Nağısoylu ədibin öz dəsti-xətti, üslubu ilə fərqləndiyini, milli ədəbiyyatımızı lirik şeirləri, poemaları, mənzum oçerkləri ilə zənginləşdirdiyini vurğulayıb.
Sonra Türkiyənin Hacettepe Universitetinin Leksikoqrafik tədqiqatlar mərkəzinin rəhbəri, professor Şükrü Haluk Akalının "Mikayıl Müşfiqin söz dünyası" mövzusunda məruzəsi dinlənilib. Professor şairin söz varlığının yaranmasında uşaq yaşlarında nənəsindən dinlədiyi bayatıların, nağılların və əfsanələrin böyük rol oynadığını söyləyib.
Müşfiqin müəllifi olduğu və ruscadan tərcümə etdiyi şeirlərdən danışan məruzəçi ədibin əsərlərində dövrünün Azərbaycan yazı dilindən başqa, dialektlərdən, gənclərin jarqonundan, Türkiyə türkcəsindən də məharətlə istifadə etdiyini vurğulayıb. O, Müşfiqin Namiq Kamal, Tofiq Fikrət, Abdülhaq Həmid və Faruk Nafiz kimi şairlərin yaradıcılığından təsirlənərək Türkiyə türkcəsinə müraciət etdini deyib. Ş.Akalın ədibin şeirlərində istifadə etdiyi "andır", "quytu", "bora", "kibi" və digər sözlərin XX əsrin əvvəllərində türk ədəbi dilinin ümumi söz varlığını təşkil etdiyini, nəticədə Müşfiqin Azərbaycan və Türkiyə türkcələrinin ortaq bir dil kimi istifadə oluna biləcəyini göstərdiyini söyləyib.
Məruzəçi Mikayıl Müşfiqin əsərlərinin bu günə qədər Türkiyədə çap olunmadığını və onunla bağlı yalnız 3 dissertasiya işinin hazırlandığını bildirib. Qeyd edib ki, hazırda şairin həyatını və şeirlərini Türkiyədə tanıtmaq, söz dünyasını araşdırmaq məqsədilə Leksikoqrafik tədqiqatlar mərkəzində mühüm işlər görülür, M.Müşfiqin yaradıcılığına həsr olunan yeni dissertasiya işi yazılır.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə professor Sayalı Sadıqova, filologiya üzrə elmlər doktorları - Əlizadə Əsgərli, Nəriman Seyidəliyev, filologiya üzrə fəlsəfə doktorları - Sevinc Əliyeva, Kifayət İmamquliyeva, Xədicə Heydərova, Teyyub Quliyev və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.