Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Elmi jurnalların referativ verilənlər bazasına giriş: ScienceDirect və Scopus timsalında” mövzusu üzrə seminar keçirilib
04.06.2014 00:00
  • A-
  • A
  • A+

“Elmi jurnalların referativ verilənlər bazasına giriş: ScienceDirect və Scopus timsalında” mövzusu üzrə seminar keçirilib

AR İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda “Elmi jurnalların referativ verilənlər bazasına giriş: ScienceDirect və Scopus timsalında” mövzusu üzrə elmi seminar keçirilib.

Seminarda dünyanın ən böyük elmi bazalarından olan Elsevier-in Türkiyə, İran, Orta Şərq və Mərkəzi Asiya ölkələri üzrə satış meneceri Gamze Keskin və maliyə meneceri Yıldız Kıdırəliyeva iştirak ediblər.

Məruzə ilə çıxış edən Q.Keskin Elsevier-in Scopus, ScienceDirect və SciVal bazalarının elmi tədqiqatçılar üçün yaratdığı imkanlardan danışıb. Bildirib ki, ən böyük istinad bazası olan Scopus-a bütün dünya üzrə 5 000-dən çox alimin elm, texnologiya, tibb və sosial elmlər sahəsində 21 000-ə yaxın məqaləsi, həmçinin müxtəlif kitab, konfrans materialları və s. daxildir.

ScienceDirect xidməti isə dünya üzrə elm, texnologiya və tibb sahəsində mövcud olan tam mətnli (full text) məqalələrin 25%-dən çoxunu əhatə edir. Bu bazada müxtəlif elm sahələrini əhatə edən 2 500-dən çox jurnala rast gəlmək olar.

Məruzəçi Azərbaycan alimlərinin nüfuzlu elmi bazalarda təmsilçiliyi və bu sahədə vəziyyətin təhlili ilə bağlı məlumatları da diqqətə çatdırıb. Həmçinin həmin bazalara daxil olan elmi məqalələrin yazılma qaydaları barədə ətraflı məlumat verib. Q.Keskin seminar iştirakçılarını mühüm elmi nəticələrin, innovativ biliklərin əldə edilməsi üçün sözügedən bazalardan səmərəli istifadə etməyə və burada təmsil olunmağa səsləyib.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları, institutun şöbə müdiri Təhmasib Fətəliyev və böyük elmi işçi Rəhilə Həsənova da iştirak ediblər.

Qeyd edək ki, T.Fətəliyev və R.Həsənova AR Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyələşdirdiyi qrant layihəsi çərçivəsində Azərbaycanın elmi jurnallarının beynəlxalq bazalarda təmsilçiliyi ilə bağlı araşdırmalar aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: