Dekabrın 14-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Mixaylo, qəhrəmanlığını qürurla anırıq” mövzusunda konfrans keçirilib.
Tədbir Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunub.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, İkinci Dünya müharibəsində həlak olan azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək Prezident İlham Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb. M.Hüseynin İkinci Dünya müharibəsi dövründə partizan hərəkatında göstərdiyi misilsiz şücaətlərindən bəhs edən akademik yetişməkdə olan gənc nəslin milli qəhrəmanlarımızı örnək almalarının önəminə toxunub.
Sonra Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və digərləri çıxış edərək ölkəmizdə veteranlara, şəhid ailələrinə dövlət qayğısından, həmçinin muzeyin fondlarında M.Hüseynzadənin mühafizə olunan rəsm və eskizlərindən danışıblar.
Tədbirdə M.Hüseynin bacısı oğlu Mehdi Əzizbəyov çıxış edərək muzeyin rəhbərliyinə və qonaqlara öz təşəkkürünü bildirib.
Sonda iştirakçılar M.Hüseynzadənin muzeydə qorunan şəxsi əşyalarından ibarət sərgi və Azərbaycan hərb sənətinə aid nəşrlərlə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.