Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri AMEA-da olub
21.12.2018 16:24
  • A-
  • A
  • A+

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri AMEA-da olub

Dekabrın 21-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

Akademik A.Əlizadə qonağa rəhbərlik etdiyi elm ocağının yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. O, AMEA-da gənclərin beynəlxalq aləmə inteqrasiyası məqsədilə Avropanın qabaqcıl ali təhsil müəssisələri ilə həyata keçirilən elmi layihələrdən bəhs edib.

Alim akademiyada elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər və AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) fəaliyyəti barədə də məlumat verərək, qonağı YT Park-da həyata keçirilən layihələr və onun infrastrukturu ilə yaxından tanış olmağa dəvət edib.

Kestutis Yankauskas təmsil etdiyi təşkilatın ölkədə innovasiya mühitinin təkmilləşdirilməsi məqsədilə startapları və böyük innovasiyayönümlü layihələri dəstəkləməyə maraqlı olduğunu bildirib. Diplomat Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafından, müxtəlif sahələr üzrə həyata keçirilən layihələrdən danışıb. 

Avropa İttifaqında daha çox Azərbaycanın əsas ticarət tərəfdaşı kimi tanındığını deyən nümayəndəliyin rəhbəri təşkilatın əməkdaşlığının yalnız iqtisadi sahələrlə məhdudlaşmadığını, humanitar, təhsil, mədəniyyət və digər mühüm istiqamətləri də əhatə etdiyini bildirib. O, sözügedən sahələrin inkişafında Avropa təcrübəsinə və yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilidiyini diqqətə çatdırıb.

Qonaq, həmçinin Azərbaycanın ali təhsil müəssisələri ilə birgə həyata keçirilən layihələr çərçivəsində yüksək təhsil üzrə müxtəlif təlimlərin təşkil edildiyini, ali təhsil ocaqlarından tələbələrin təhsil almaları üçün Avropanın nüfuzlu universitetlərinə göndərildiyini vurğulayıb.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: