Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2018 14:05
  • A-
  • A
  • A+

Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi maarifləndirici seminar keçirib

Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi maarifləndirici seminar keçirib

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının “HORİZON 2020” və ABŞ Dövlət Departamentinin “Fulbright” proqramlarına müraciət, həmçinin “Clarivate Analytics (Thomson Reuters)” agentliyinin “Web of Science” Məlumat Platformasından istifadənin təkmilləşdirilməsinə dair maarifləndirici seminar keçirilib.

AMEA-nın Əsas binasında baş tutan tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələr üzrə şöbə müdirləri, o cümlədən “Web of Science” platforması üzrə məsul şəxslər iştirak ediblər.

Seminarı idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva açaraq Avropa İttifaqının elmi tədqiqat və innovasiyaları dəstəkləyən “HORİZON 2020” proqramı haqqında məlumat verib. Bildirib ki, proqramın məqsədi elmin inkişafının daha yüksək səviyyəyə qaldırılmasına, innovasiya və elmi tədqiqatların sənayedə tətbiqinə, cəmiyyətdə sağlam həyat və qidanın təhlükəsizliyinə, ətraf mühitin qorunmasına, enerji və digər təbii ehtiyatların səmərəli istifadə edilməsinə yönəlmiş tədqiqatlar aparmaqdır.

E.Əlirzayeva 2014-2020-ci illər üçün nəzərdə tutulan layihənin büdcəsinin 80 milyard avro olduğunu və proqrama fərdi, eləcə də kollektiv şəkildə müraciət edilə biləcəyini söyləyib. Avropa Birliyinin “Şərq tərəfdaşlığı” ölkələri sırasında “HORİZON 2020” proqramına Azərbaycandan müraciətlərin yetərincə qeydə alınmadığını deyən alim elmi müəssisə və təşkilatların beynəlxalq əlaqələr üzrə məsul şəxslərinə bu istiqamətdə səylərini artırmaları barədə müvafiq tövsiyələrini verib.

O, həmçinin Beynəlxalq əlaqələr idarəsinin yeni yaradılmış http://bei.science.gov.az veb saytını iştirakçılara təqdim edib.

Sonra “HORIZON 2020” proqramının Avropa Tədqiqat Şurası istiqaməti üzrə milli əlaqələndiricisi İlham Hümbətov və İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal üzrə milli əlaqələndiricisi Rövşən Kərimov çıxış edərək "HORİZON 2020"nin strukturu və tərkib hissələri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyorların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat veriblər.

Daha sonra ABŞ Dövlət Departamentinin "Fulbright" proqramının qalibi olmuş AMEA-nın Mərkəzi Nəbatat Bağının Gənc alim və mütəxəssislər şurasının sədri Fərid Seyfullayev tərcübələrini iştirakçılarla bölüşüb. O, fəlsəfə doktoru olan tədqiqatçı, müəllim və mütəxəssislərin sözügedən proqrama qoşula biləcəyini bildirib. Qeyd edib ki, qalib olan layihə rəhbərləri təqaüdlə 3-6 ay ərzində ABŞ-da öz tədqiqatlarını apara bilərlər.

Sonda “Clarivate Analytics (Thomson Reuters)” agentliyinin “Web of Science” Məlumat Platformasından istifadənin təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: