AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələrinin cari ilin yekunlarına həsr olunan növbəti hesabat yığıncağı keçirilib.
Şuranın sədri, f.ü.f.d., dosent Famin Salmanov tədbirin gündəliyinə Kimya, Humanitar və İctimai elmlər bölmələrinin hesabatlarının daxil edildiyini bildirib. Alim əlavə edib ki, bu bölmələr üzrə AMEA Rəyasət Heyətinin müəyyən etdiyi prioritet sahələrə uyğun olaraq elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması və akademiyanın gənc mütəxəssislərinin timsalında Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində müxtəlif layihələr həyata keçirilib. Görülən işlərdə ayrı-ayrı bölmələrə daxil olan institutların yerli şuralarının əhəmiyyətli rol oynadığını deyən F.Salmanov gənclərin ümumilikdə akademiyanın elmi-ictimai fəaliyyətinə böyük töhfə verdiyini qeyd edib.
İlk olaraq Kimya Elmləri Bölməsinin GAMŞ-ın katibi, k.ü.f.d., dosent Faiq Məmmədov həmin bölmənin hesabatını təqdim edib. O, bölməyə aid olan institutların yerli şuraları tərəfindən elmin təbliği, gənclərin elmə həvəsləndirilməsi istiqamətində həyata keçirilən ictimai və elmi tədbirlər, marifləndirmə seminarları, gənclərin beynəlxalq və yerli konfranslarda iştirakı barədə ətraflı məlumat verib.
Sonra şuranın Humanitar Elmləri Bölməsinin ümumiləşdirmiş şəkildə hesabat məruzəsi ilə çıxış edən AMEA GAMŞ sədrinin müavini, fil.ü.f.d., dosent Eşqanə Babayeva bölməyə daxil olan institutlarda əsasən gənclərin elmi-ictimai fəaliyyəti, il ərzində əldə etdikləri elmi nailiyyətlər, dərc etdirdikləri monoqrafiya, məqalə, tezis, həmçinin xaricdə keçdikləri təcrübəartırma, iştirak etdikləri beynəlxalq konfrans, elmi simpoziumlar haqqında məlumat verib.
Məruzəçi müvafiq institut gənclərinin statistik və elmi göstəricilərinə konkret nümunələrlə aydınlıq gətirərək, əvvəliki illərlə müqayisədə artımın müşahidə edildiyini deyib.
Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun GAMŞ sədrinin müavini, t.ü.f.d. Valeh Əlizadə İctimai Elmlər Bölməsinin hesabatını təqdim edib. Bildirib ki, bu bölməyə daxil olan institutların yerli şuraları tərəfindən əsas istiqamətlər üzrə bir sıra işlər görülüb. Belə ki, il ərzində həvəsləndirmə tədbirləri, marifləndirmə seminarları keçirilib, məktəblilərin muzeylərə ekskursiyaları, “Açıq qapı” günləri təşkil edilib. Həmçinin gənc mütəxəssislər xarici ölkələrin aparıcı elmi müəssisələrində təcrübə keçərək, yeni biliklər əldə ediblər.
Tədbirdə GAMŞ İdarə Heyətinin üzvləri bölmələrin hesabatları haqqında öz rəy və təkliflərini səsləndiriblər.
Sonda səsvermə yolu ilə hesabatlar yekdilliklə qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.