XX əsrin 30-cu illərindən Abşeronda paleolit dövrü abidələri barəsində olan məlumatlar, bu dövrə aid ayrı-ayrı təsadüfi tapıntılar əsasında arxeologiya elmində müxtəlif rəylər yer alıb. Paleolit dövrünə aid tapıntıların azlığı və bölgədə bu dövrə aid məskənlərin aşkar olunmaması səbəbindən Abşeronda qədim məskunlaşma məsələsinin sübüt edilməsi bu günədək mübahisəli olaraq qalıb.
2003-cü ildə Yeni Suraxanının qərbində yuxarı paleolit (Qədim daş) dövrünə aid materiallar aşkar edilib. Lakin buradan aşkar edilmiş materialların sayca az olması, sonradan isə təsərrüfat və torpaq işlərinin aparılması nəticəsində ərazinin arxeoloji tədqiqatlar üçün yararsız hala düşməsi Abşeronda paleolit dövrü antropogenez probleminin qoyulması üçün kifayət etmirdi.
2018-ci ilin dekabr ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərlik etdiyi Abşeron arxeoloji ekspedisiyasının bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında, Qırməki adlanan sahədə daş dövrünə aid çoxlu sayda alətlər aşkar olunub. İdris Əliyevin bildirdiyinə görə, alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Həmçinin Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir.
Mütəxəssislər tərəfindən materialların müqayisəli təhlili aparılıb və ilkin rəyə görə, bu tapıntıların paleolitin orta mərhələsinə aid olduğu bildirilib.
İdris Əliyevin sözlərinə görə, geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərib. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürütməyə əsas verir.
Arxeoloq qeyd edib ki, Binəqədi və Balaxanı qəsəbələri arasında olan ərazilərin, xüsusilə, Binəqədi Qırgölü ətrafındakı ərazilərin daha diqqətlə tədqiq olunması bölgədə bu dövrə aid məskunlaşma probleminin öyrənilməsinə səbəb olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.