AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Venesiyadakı (İtaliya) Ka`Foskari Universitetinin Humanitar tədqiqatlar departamentinin “Yaxın Şərq arxeologiyası və incəsənət tarixi” bölümünün əməkdaşı, professor Elena Rova ilə görüş keçirilib.
Qonağı salamlayan institutun direktoru, professor Maisə Rəhimova son illər rəhbərlik etdiyi müəssisənin Avropa Birliyi ölkələri, o cümlədən İtaliyanın bir sıra elmi-tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. O, italiyalı mütəxəssislərin Azərbaycanda beynəlxalq arxeoloji ekspedisiyaların tərkibində bir sıra arxeoloji abidələrin tədqiqində iştirak etdiyini diqqətə çatdırıb. M.Rəhimova Azərbaycan arxeoloqlarının son tədqiqatlarının nəticələrini əks etdirən elmi nəşrləri italiyalı qonağa hədiyyə edib.
Daha sonra çıxış edən professor Elena Rova azərbaycanlı arxeoloqların tədqiqatları ilə yaxından tanış olduğunu, Azərbaycanda neolit, xalkolit və ilk tunc dövrü abidələrinin bəzilərinə səfər etdiyini bildirib. Qeyd edib ki, hazırda onun ölkəmizə səfəri, Avropa Birliyinin Erasmus proqramı çərçivəsində Gəncə Dövlət Universitetində arxeoloji tədqiqat təcrübəsinin qısa müddətli elmi tədris kursu ilə yanaşı, Avropa Birliyinin müasir elmi biliklərin təşviqi xarakterini ehtiva edən layihələri ilə bağlı azərbaycanlı və italiyalı arxeoloqların təcrübə mübadiləsinin gerçəkləşdirilməsi məqsədini daşıyır.
Görüşdə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, professor E.Nova uzun müddət Suriya və Gürcüstanda beynəlxalq arxeoloji ekspedisiyalarda iştirak edib. O, Mesopotamiya, Anadolu və Cənubi Qafqazın xalkolit və ilk tunc dövrü üzrə tanınmış arxeoloq mütəxəssislərdən biridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.