AMEA-nın Botanika İnstitutunda Azərbaycan Botaniklər Cəmiyyəti (ABC) İctimai Birliyinin ilk ümumi yığıncağı keçirilib.
Tədbiri birliyin sədri, institutun direktoru, akademik Validə Əlizadə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. O, cəmiyyətin Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması ilə əlaqədar aparılan işlərin yekunlaşdığını, həmçinin qurumun təsisçi tərkibinin dəyişdiyini diqqətə çatdırıb.
Yığıncaqda ABC-nin məsul katibi, biologiya elmləri doktoru Dilzarə Ağayeva üzvlük vəsiqəsinin formasını təqdim edib və üzvlüyə qəbul üçün müəyyən olunmuş qaydalar barədə məlumat verib.
Tədbirdə, o cümlədən cəmiyyətin fəaliyyət istiqamətinə uyğun olaraq illik yığıncaqların keçirilməsi, rəsmi İnternet səhifəsinin yaradılması və çap işlərinin formatı üzrə geniş müzakirələr aparılıb.
Yığıncaqda AMEA-nın müxbir üzvü Elşad Qurbanov, b.ü.e.d Aydın Əsgərov, b.ü.e.d. Eldar Novruzov, b.ü.e.d. Vahid Fərzəliyev, b.ü.e.d., prof. Səyyarə İbadullayeva, b.ü.f.d. Esmira Əlirzayeva və b.ü.f.d. Rəşad Səlimov çıxış edərək regionlarda gənc mütəxəssislərin inkişafına dəstək məqsədilə tədbirlərin keçirilməsi və onların layihələrə cəlb edilməsi, həmçinin bitki müxtəlifliyinin qorunması məqsədilə əhali üçün maarifləndirici seminarların və botaniki turların təşkili məsələlərinə dair təklif və tövsiyələrlə çıxış ediblər.
Sonda gündəlikdəki məsələlərlə bağlı qərar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.