AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydaları ilə bağlı növbəti maarifləndirici seminar keçirilib.
AMEA-nın Əsas binasında baş tutan tədbirdə akademiyanın Fizika-Riyaziyyat və Texnika və Kimya elmləri bölmələrinə aid olan elmi müəssisələrin beynəlxalq əlaqələr üzrə şöbə müdirləri və məsul şəxsləri, həmçinin alim və mütəxəssisləri iştirak ediblər.
Seminarı idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.
Avropa İttifaqının elmi tədqiqat və innovasiyaları dəstəkləyən “Horizon-2020” proqramı haqqında danışan alim bildirib ki, layihənin məqsədi elmin inkişafının daha yüksək səviyyəyə çatdırılmasına, innovasiya və elmi tədqiqatların sənayedə tətbiqinə, cəmiyyətdə sağlam həyat və qidanın təhlükəsizliyinə, ətraf mühitin qorunmasına, enerji və digər təbii ehtiyatların səmərəli istifadə edilməsinə yönəlmiş tədqiqatlar aparmaqdır.
O, 2020-ci ildə başa çatacaq layihənin büdcəsinin 80 milyard avro olduğunu, böyük imkanlara malik proqrama fərdi, eləcə də kollektiv şəkildə müraciət edilə biləcəyini söyləyib. Avropa Birliyinin “Şərq tərəfdaşlığı” ölkələri sırasında “Horizon-2020” proqramına Azərbaycandan müraciətlərin yetərincə qeydə alınmadığını deyən E.Əlirzayeva elmi müəssisə və təşkilatların beynəlxalq əlaqələr üzrə məsul şəxslərinə bu istiqamətdə səylərini artırmaları barədə müvafiq tövsiyələrini verib.
Sonra “Horizon-2020” proqramının Avropa Tədqiqat Şurası istiqaməti üzrə milli əlaqələndiricisi İlham Hümbətov, Hüquq və maliyyə aspektləri üzrə milli əlaqələndiricisi Tofiq Babayev, İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal üzrə milli əlaqələndiricisi Rövşən Kərimov və Kosmos üzrə milli əlaqələndiricisi Ülkər Qədirova çıxış edərək "Horizon-2020"nin strukturu və tərkib hissələri, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyorların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat veriblər.
Daha sonra AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Canməmməd Rüstəmov və proqramın Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi Zaur Həsənov "Horizon-2020" üzrə uğurlu layihələr barədə təcrübələrini bölüşüblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.