Yanvarın 25-də Genetik Ehtiyatlar İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə baxılıb. Bölmənin elmi müəssisə və təşkilatlarından olan alimlər mühüm elmi nəticələrə dair məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıblar.
Sonra bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov BTEB-in 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA prezidentinin sərəncamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb.
Akademik Ə.Əmiraslanov bölmə institutları üzrə 18 problemi əhatə edən 91 mövzu üzrə 255 tədqiqat işinin 461 mərhələdə aparıldığını, həmçinin elmi müəssisələrin əməkdaşları tərəfindən bir sıra multidissiplinar elmi-tədqiqat proqramlarının icra olunduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, bölmədənkənar tibb müəssisələrində 31 problem, 140 mövzu, 311 işi əhatə edən tədqiqatlar aparılıb, aqrar elm və təhsil müəssisələrində isə 26 problem, 106 mövzu, 296 iş üzrə tədqiqat işləri davam etdirilib. Məruzəçi bölmənin institutlarında 5, tibb sahəsi üzrə 64, aqrar elm və təhsil müəssisələri üzrə 28 elmi nəticənin tətbiq olunduğunu vurğulayıb.
Bölmənin nəşriyyat fəaliyyətindən danışan akademik bildirib ki, hesabat ilində 402-si xaricdə, onlardan 143-ü impakt faktorlu jurnallarda olmaqla 885 məqalə, 163-ü xaricdə olmaqla 430 tezis, 3-ü xaricdə olmaqla 17 kitab, 10 xaricdə olmaqla 19 monoqrafiya, 15 dərslik və dərs vəsaiti çap olunub. Ə.Əmiraslanov bildirib ki, hesabat ilində bölmənin institutları tərəfindən biri xaricdən olmaqla 10, tibb sahəsində 5-i xaricdə olmaqla 7, aqrar sahə elmi müəssisələrində 5-i xaricdə olmaqla 36 patent alınıb.
Hesabat ilində bölmənin institutları tərəfindən təşkil olunmuş respublika və beynəlxalq səviyyəli tədbirlərdən danışan alim AMEA Rəyasət Heyətinin, BTEB-in və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, tanınmış ictimai xadim, akademik, Əməkdar elm xadimi Cəlal Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirildiyini qeyd edib. Natiq bu tədbirlər sırasında “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda 9-cu beynəlxalq konfrans və “Cəlal Əliyev qiraətləri” adlı tədbiri xüsusi qeyd edib. Bildirib ki, Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi “Akademik Cəlal Əliyev adına mükafat” konfransın gedişində qurumun katibi, professor Culian İton-Ray tərəfindən Yaponiyanın Okayama Universitetinin professoru Şen Jian-Renə təqdim edilib.
Məruzəçi bölmənin beynəlxalq əlaqələrindən danışaraq bildirib ki, Böyük Britaniyanın Kyu Kral Botanika Bağları, Almaniyanın Freie Universiteti, ABŞ Kənd Təsərrüfatı Departamenti, ABŞ Missuri Botanika Bağı, Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzi, Buğda və Qarğıdalının yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz, Niderland Krallığının Vageningen Universiteti və “Rijk Zwaan Breeding” təşkilatı, Fransanın Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu və onun Bordo və Aviqnon Mərkəzləri və Monpelye Universiteti, Almaniyanın Hannover, Frankfurt, Ştutqart universitetləri, Ukrayna Tibb Elmləri Akademiyasının Herontologiya İnstitutu, Rusiyanın Dokuçayev adına Torpaq İnstitutu, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Mərkəzi Sibir Botanika Bağı, həmin Bölmənin Sitologiya və Genetika İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Həştərxan Dövlət Universiteti, ABŞ-ın Botanika Bağları Cəmiyyəti, Türkiyənin Hacettepe, Ankara, Mustafa Kamal Atatürk universitetləri, İtaliyanın Milli Tədqiqat Şurası Davamlı Bitki Mühafizəsi İnstitutu, Rusiya, ABŞ, Türkiyə, İran, Gürcüstan və s. ölkələrin 60-dan çox digər elmi tədqiqat və təhsil müəssisələri, genbankları, nəbatat bağları, eləcə də beynəlxalq mərkəzləri ilə elmi əlaqələr inkişaf etdirilib.
Natiq bildirib ki, keçən il AMEA Rəyasət Heyətinin qərarı ilə bölmənin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Cənubi Koreyanın Seul Universiteti ilə müştərək beynəlxalq laboratoriya və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyası yaradılıb.
Bölmə institutlarının əməkdaşlarının 2018-ci ildə müxtəlif respublika və xarici beynəlxalq qrant layihələrində iştirak etdiyini deyən alim Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və bəzi xarici fondlar tərəfindən maliyyələşdirilən 58 layihə əsasında 32 xarici alimlə birgə tədqiqatlar aparıldığını diqqətə çatdırıb.
Elm və təhsilin inteqrasiyası istiqamətində fəaliyyətlərin gücləndirildiyini qeyd edən akademik hesabat ilində bölmənin institutları ilə respublikanın tədris mərkəzləri arasında əməkdaşlığın davam etdirildiyini, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universitetinin və başqa ali təhsil müəssisələrinin müvafiq kafedraları ilə əlaqələrin inkişaf etdirildiyini nəzərə çatdırıb.
Bölmənin institutlarında elmi kadrların hazırlanmasından danışan alim qeyd edib ki, 2018-ci ildə doktoranturaya 18, magistraturaya 15 nəfər qəbul olunub, 82 doktorant, 139 dissertant elmi tədqiqatlarını davam etdirib, 14 elmlər və 30 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib, 11 elmlər, 12 fəlsəfə doktorluğu dissertasiyası müdafiəyə hazırlanıb.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - İbrahim Quliyev, İradə Hüseynova, AMEA-nın müxbir üzvləri - Əminağa Sadıqov, Oktay Qasımov, Nuru Bayramov, İlham Şahmuradov, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, professor Amin Babayev və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.
Daha sonra hesabatın təsdiqi və AMEA-nın illik hesabatına əlavə edilməsinə dair qərar qəbul olunub.
Sonra iclasda AMEA-nın Dendrologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.