Yanvarın 25-də AMEA Rəyasət Heyətinin növbəti iclasında Şəki və Lənkəran Regional Elmi mərkəzlərinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları dinlənilib.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) ötən ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edən bu qurumun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü bildirib ki, mərkəzin ötən ilki fəaliyyətində ölkə Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, dövlət proqramları, AMEA Rəyasət Heyətinin qərarları, Akademiya rəhbərliyinin sərəncamları əsas götürülüb.
Natiq vurğulayıb ki, "Azərbaycan Respublikası İqtisadiyyatının əsas sektorları üzrə Strateji Yol Xəritələri"ndəki tapşırıqların icrası üzrə AMEA-nın "Tədbirlər Planı"na uyğun olaraq "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"na dair yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin, yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması istiqamətində tədqiqatlar davam etdirilib. Y.Şükürlü tut ipəkqurdunun yeni yaradılmış, məhsuldar 2 cins və 2 hibridinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edildiyini diqqətə çatdırıb.
AMEA-ya məxsus 3 hektar təcrübə sahəsində Çin Xalq Respublikasından gətirilmiş 15 min tut tingindən ibarət plantasiya salındığını deyən alim bildirib ki, həmin tinglərdən götürülən qələm materialı əsasında 3 min ədəd tut tingi yetişdirilib. Məruzəçi Bolqarıstandan gətirilmiş süni yemlə bəslənən 3 tut ipəkqurdu hibridi və tut yarpağı ilə bəslənən 2 rayonlaşdırılmış cins üzərində müqayisəli tədqiqatların yerinə yetirildiyini əlavə edib.
Mühüm nəticələr haqqında məlumatları diqqətə çatdıran mərkəz rəhbəri hesabat ilində yeni istiqamətlər üzrə təsdiq edilmiş iş planlarına uyğun olaraq 8 şöbədə 8 mövzu daxilində tədqiqat işlərinin yerinə yetirildiyini deyib. Vurğulayıb ki, hesabat ilində mərkəz əməkdaşlarının 4-ü xaricdə olmaqla 30 məqaləsi, 7-si xaricdə olmaqla 23 tezisi dərc olunub. Alimlərin 16 beynəlxalq konfransda iştirak etdiyini söyləyən natiq xarici, eləcə də impakt faktorlu jurnallarda da əsərlər çap olunduğunu əlavə edib.
İclasda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edən mərkəzin direktoru, professor Fərman Quliyev qurumun ötən ilki elmi fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qeyd olunub ki, mərkəzin əməkdaşları Lənkəran-Astara bölgəsinin floristik tərkibinin öyrənilməsi və müxtəlifliyin qiymətləndirilməsi, nadir bitkilərinin bioekoloji və fitosenotik xüsusiyyətləri; Lənkəran – Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji bioloji təsərrüfat xüsusiyyətləri, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, müasir seleksiya baxımından qiymətləndirilməsi, yeni sortların seçilməsi və yaradılması; Azərbaycanın Cənub-Şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik fondun və muzeyin yaradılması, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi, kataloqlaşdırılması və digər istiqamətlərdə elmi-tədqiqat işləri həyata keçiriblər.
Statistik məlumatları diqqətə çatdıran natiq bildirib ki, ötən il mərkəzdə 3 mövzu əsasında 2 problem üzrə tədqiqatlar aparılıb, 4 iş başa çatdırılıb.
F.Quliyev vurğulayıb ki, çayın klon seleksiyası üzrə uzun illər aparılan tədqiqat işləri nəticəsində toplanılmış 50-dən çox forma – klonun bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəriciləri "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib.
Alim Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə yaradılmış limon sort-formlarının yeni "LənkəranMeyeri" – ağçiçək sortunun alınmasında, naringi sort-formlarının isə qiymətli ilkin material kimi yeni narıngi "Karlik tezyetişən" sortunun yaradılmasında istifadə edildiyini diqqətə çatdırıb. O əlavə edib ki, yeni sortlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib.
Məruzəçi Lənkəran-Astara bölgəsində yabanı floranın və mədəni bitki ehtiyatlarının biomüxtəlifliyinin qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparıldığını və genefondun qorunması üçün təkliflərin hazırlanmasını diqqətə çatdırıb.
Hesabat ilində Lənkəran və Lerik rayonu ərazilərində arxeoloji tədqiqatların davam etdirildiyini deyən natiq yeni abidələrin aşkar olunduğunu söyləyib. LREM-in Arxeologiya şöbəsinin nəzdində təşkil olunan arxeoloji fonduna daxil olan tapıntıların bir hissəsi xüsusi ekspozisiyada nümayiş olunur. Cənub-Şərq regionunda tapılan eramızdan əvvəl I əsrdən başlayaraq eramızın XVIII əsrinin sonuna qədərki dövrə aid sikkələrin topoqrafik, tərkib özəllikləri və təyinatları verilərək, elmi dövriyyəyə daxil edilib, sikkə tapıntıları əsasında regionun siyasi və ictimai-iqtisadi durumu şərh olunub.
F.Quliyev bildirib ki, mərkəzin əməkdaşları "Biomüxtəliflik Proqramı" çərçivəsində Almaniyanın Bavariya meşələrində praktiki treninqlərdə iştirak ediblər. İran İslam Respublikasının bir sıra elmi müəssisələri ilə, o cümlədən Əkinçilik Nazirliyinin Gilan vilayətinin Cihad Kənd Təsərrüfatı və Əkinçilik İdarəsi, Əkinçilik Tədqiqat Mərkəzi, Çay Tədqiqat İnstitutu ilə birgə əməkdaşlığa dair müzakirələr aparılıb.
Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə regional bölmələrin hesabatları təsdiq olunub, alınmış mühüm nəticələr AMEA-nın illik hesabatına daxil edilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.