Azərbaycan Texniki Universitetinin (AzTU) elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ali məktəbin Elm və innovasiyalar departamentinin təşkilatçılığı ilə AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) olub. Nümayəndə heyətinin tərkibinə AzTU-nun müxtəlif fakültə və kafedralarının rəhbərləri, eləcə də radiotexnika, avtomatika, elektronika, informasiya texnologiyaları və s. kimi sahələr üzrə mütəxəssisləri daxil idi.
Görüş ötən ilin 12 oktyabr tarixində YT Parkı ilə AzTU arasında imzalanmış əməkdaşlığa dair Niyyət Sazişi əsasında baş tutub. Məqsəd YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan məhsullar və iş prosesi ilə yaxından tanışlıq, eyni zamanda əməkdaşlıq əlaqələrinin qurulması olub.
Əvvəlcə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov qonaqlara rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi, habelə innovativ müəssisələrin yaradılması bu müəssisənin məqsədlərinə daxildir. Qeyd edib ki, YT Parkda elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması və alimlərin innovativ elmi layihələrinin reallaşdırılması əsasında xüsusi bir platformanın yaradılması nəzərdə tutulur.
N.Şükürov YT Parkın elmin kommersiyalaşdırılması istiqamətində uğurla fəaliyyət göstərdiyini vurğulayaraq, son zamanlar bu müəssisədə kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Onun sözlərinə görə, YT Parkda AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən alimlərin ən son ixtiraları tətbiq olunur. Həmçinin fundamental elm, texnika və istehsalatı bir araya gətirən ciddi elmi tədqiqatlar aparılır.
Rəhbərlik etdiyi müəssisədə əlverişli investisiya şəraitinin yaradıldığını deyən alim 7 il müddətinə YT Park və onun rezidentlərinin vergilərdən azad olunduğunu bildirib. O, YT Parkda respublika əhəmiyyətli cihazların hazırlandığını, istehsal olunan məhsulların daxili bazarla müqayisədə münasib qiymətlərə satışa çıxarıldığını diqqətə çatdırıb.
N.Şükürov texnologiyalar parkında innovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması üçün dünya təcrübəsinin tətbiq edildiyini, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılmasına dair mühüm işlərin görüldüyünü söyləyib.
O, Parkın ərazisində Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnoloji məhsulların hazırlandığını, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və milli iqtisadiyyatda elmin payının artırılması istiqamətində önəmli işlərin görüldüyünü qeyd edib.
Alim vurğulayıb ki, AzTU ilə YT Park arasındakı əlaqələrin inkişafı elmin istehsalata tətbiqinə mühüm töhfələr verəcək.
Sonra qonaqlar YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Analitik Sınaq Mərkəzinin müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə və laboratoriyanın müdir müavini Kamal Yusifov onlara mərkəzin imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat veriblər.
Qonaqlar YT Parkda aparılan multidissiplinar təhlillər, beynəlxalq sertifikatlı cihazlar, istehlak mallarında toksik elementlərin təyini və kristallaşmaların öyrənilməsinə dair avadanlıqlarla da tanış olublar.
Mərkəzdə həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti AzTU nümayəndələrinin böyük marağına səbəb olub.
Nümayəndə heyəti AMEA-nın Təcrübə-Sənaye Zavoduna (TSZ) da baş çəkib. TSZ-nun baş texnoloqu Hüsən Rzayev məlumat verib ki, YT Parkın ilk rezidenti olan bu zavod Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı ilə məşğuldur. Bildirib ki, YT Parkda yüksək müalicəvi effektə malik Ağ Naftalan yağı da istehsal edilir ki, yaxın gələcəkdə bu yağın istehsalının genişləndirilməsi və onun dövlət əsaslı sifarişlə satınalınması nəzərdə tutulur.
Sonra qonaqlar 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA arasında yaradılan “Millers Oils Azərbaycan” birgə müəssisəsinin yağ istehsalı sahəsi ilə tanış olublar. Şirkətin direktoru, tex.ü.f.d. Sənan Məmmədov onlara burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verib.
Qonaqlar YT Parkda olan zirehli jiletlər və pilotsuz uçuş aparatları ilə də tanış olublar. Burada onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
AzTU-nun əməkdaşları kimya texnologiyaları əsasında alınan məhsulları, hərbi təyinatlı məhsulları və ümumilikdə YT Parkda yaradılan innovativ mühiti yüksək qiymətləndirib, birgə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.