Genetik Ehtiyatlar İnstitutunda (GEİ) BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsakzai, BMT-nin Əlaqələndirmə üzrə müşaviri Şəms Mustafayeva, BMT-nin İnkişaf Proqramının rəhbəri Alessandro Fracassetti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbəri Mələk Çakmak və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Esmira Əlirzayevanın iştirakı ilə görüş keçirilib.
Görüşdə GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov rəhbərlik etdiyi müəssisənin ölkə üzrə genetik ehtiyatlar sahəsində bütün tədqiqatları əlaqələndirən baş təşkilat olduğunu və burada genetik ehtiyatların idarə edilməsi sisteminə daxil olan Elmi Texniki Şuranın fəaliyyət göstərdiyini deyib.
O, GEİ-nin əməkdaşlarının iştirakı ilə biomüxtəliflik üzrə ölkə hesabatlarının və milli strategiyanın hazırlandığını, beynəlxalq və yerli ekspedisiyalarla birgə on mindən çox bitki nümunəsinin toplanaraq Milli Genbankda saxlanıldığını bildirib. Z.Əkpərov hazırda GEİ-nin BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsində tərəfdaş olduğunu da söyləyib. Eyni zamanda Dünya Bankının dəstəyi ilə müəssisədə Genbank və FAO-nun dəstəyi ilə müasir Biotexnologiya laboratoriyasının qurulduğunu vurğulayıb.
Q.İsakzai isə öz növbəsində BMT-nin fəaliyyətində dayanıqlı inkişafın dəstəklənməsi və iqlim dəyişmələrinin diqqətdə saxlanılmasının əsas prioritetlərdən olduğunu bildirib, bu istiqamətlərdə GEİ-də aparılan tədqiqatlara xüsusi önəm verdiyini deyib.
Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Esmira Əlirzayeva AMEA-nın digər institutlarının da gələcəkdə BMT-nin müxtəlif qurumları ilə əməkdaşlığa cəlb olunmasının vacibliyini qeyd edib.
Daha sonra M.Çakmak və A.Fracassetti çıxış edərək gələcəkdə bitkiçilik və heyvandarlığın inkişafı üzrə nəzərdə tutulan layihələrə GEİ-nin qoşulmasının zəruriliyini söyləyiblər.
Sonda qonaqlar institutun Milli Genbankı, Biotexnologiya, Ekobotanika və Sistematika şöbələrində aparılan tədqiqatlarla tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.