Qədim Qəbələ ərazisində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya işləri zamanı antik dövrə aid maddi-mədəniyyət nümunələri aşkar edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar zamanı Qəbələnin Soltannuxa kəndində antik dövrə aid qəbiristanlıq aşkarlanıb. Qəbiristanlıqda olan məzarların ən az 1800-1900 yaşı olduğu güman edilir. İlkin kəşfiyyat işləri zamanı ərazidən 7 qəbir tapılıb.
Qəbirlər zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilirlər. Diqqət çəkən məqamlardan biri ölmüş insanın bükülü vəziyyətdə məzara qoyularaq ətrafına 40 saxsı qabın düzülməsidir. Qablarla yanaşı, qəbirə dörd bütöv qoç qoyulub. Skeletin yanında nizə, bıçaq, oraq, üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri var. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf olunur. Ehtimal ki, bu, varlı təbəqəni təmsil edən mərhumun xidmətçisinin skeletidir. Qəbiristanlıqda digər zəngin qəbirlərə də təsadüf olunub.
Ərazidə aşkar edilən tapıntılar Qəbələ Dövlət Tarix Bədii Qoruğunun muzeyində nümayiş etdiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.