AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) professor Yeganə İsmayılovanın Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara həsr olunmuş “Anarın Dədə Qorqud yaradıcılığı” kitabının təqdimatı olub.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yazıçının yaradıcılığından, onun ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də kinomuza gətirdiyi yeniliklərdən danışıb. Bildirib ki, Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya göz açan Anar ədəbiyyatımızın inkişafında yüksək əməyi olan yazıçı, ziyalı və dəyərli insandır. Onun əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sevilir.
İ.Həbibbəyli yazıçının yaradıcılığını, şəxsiyyətini Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığı ilə eyni sırada gördüyünü bildirib. O, kitabın məziyyətindən söz açaraq, Anar haqqında belə bir dəyərli əsər yazdığına görə Yeganə İsmayılovaya təşəkkür edib.
Sonra çıxış edən Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri Cihan Özdemir Anarın təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dəyərli yazıçısı olduğunu deyib. Bildirib ki, yazıçının əsərləri Türkiyədə də tanınır və həvəslə oxunur.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli Anar haqqında bu cür dəyərli kitabın ərsəyə gəlməsini yüksək dəyərləndirib. O, Anarın Mirzə Cəlilə həsr etdiyi “Anlamaq dərdi” əsərindən söz açıb. Qeyd edib ki, bu, XX əsrin böyük dramaturqu Cəlil Məmmədquluzadə haqqında yazılmış ən sanballı əsərdir.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Himalay Qasımov, filologiya elmləri doktoru Salidə Şərifova, BDU-nun professoru Anar İsgəndərov, filologiya elmləri doktoru Əlizadə Əsgərli və digərləri çıxış edərək ədəbiyyatımızda xüsusi mövqeyə malik Anar yaradıcılığının böyüklüyündən söz açıblar.
BDU-nun professoru, kitabın müəllifi Yeganə İsmayılova Anarın Dədə Qorqud yaradıcılığı haqqında ətraflı məlumat verib, kitabın nəşr edilməsində əməyi olanlara təşəkkürünü bildirib.
Sonda çıxış edən Xalq yazıçısı Anar iştirakçılara və tədbirin təşkilatçısı olan MEK-ə təşəkkürünü bildirib. Qeyd edib ki, Dədə Qorqudun bizim üçün əhəmiyyəti onun bütün türk dünyasının abidəsi olmasıdır. Yazıçı Dədə Qorqud dastanını folklor nümunəsi kimi deyil, Azərbaycanın yazılı ədəbiyyat nümunəsi kimi qiymətləndirmək təklifi ilə AMEA Ədəbiyyat İnstitutunun rəhbərliyinə müraciət edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.