Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixi ədalətin bərpası deməkdir
22.12.2020 15:01
  • A-
  • A
  • A+

Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixi ədalətin bərpası deməkdir

Qarabağ Azərbaycandır!

(II hissə, əvvəli burada)

Erməni terrorizmi və erməni separatizmi anlayışlarının təhlilinə tarix elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin professoru Arif C.Quliyevin “İşğal olunmuş ərazilərin azad edilməsi terrorçuluqla mübarizə üçün vasitə kimi”, gürcü politoloqu və jurnalisti Badri Naçkebiyanın “Erməni terrorizmi “Böyük Ermənistan”ın məqsədlərinə nail olmaq üçün vasitə kimi” və Ukrayna Beynəlxalq Kadr Akademiyasının müxbir üzvü Aleksandr Y.Manaçinskinin “Qara dəniz regionunda terrorizm çağırışları: etnoloji aspekt, və ya terrorçuların vətəni varmı?” adlı məqalələri həsr olunub.

“Daşnaksütyun” partiyasının yaranmasından (1890) başlayaraq erməni terrorizminin inkişaf mərhələləri və erməni terror təşkilatlarının bütün dünyada dağıdıcı fəaliyyətindən ətraflı bəhs edərək Arif C.Quliyev erməni hərbçilərinin Qarabağ müharibəsində iştirakı, onların dinc əhalinin kütləvi qətllərindəki rolu, münaqişə zonasından aralı yerləşən ərazilərdə törədilən terror aktlarından söhbət açır: “Müxtəlif KİV-lərin məlumatlarına əsasən 1989-1994-cü illərdə erməni terrorçuları tərəfindən Azərbaycan ərazisində nəqliyyat vasitələrində 29 iri terror aktı törədilib, iki mülki helikopter və iki mülki təyyarə vurulub”.

Erməni terror təşkilatlarının rəhbərlərinə dövlət səviyyəsində bəraətin qazandırılmasından danışaraq müəllif Ermənistanın sabiq prezidenti Robert Köçəryanın fəaliyyətinə nəzər salır. Monte Melkonyan, Vazqen Sislyan, Qrant Markaryan kimi terrorçuların Qarabağ müharibəsinin “qəhrəmanları” elan edilməsində Köçəryanın rolundan bəhs edən alim bununla əlaqədar hollandiyalı jurnalist Çarlz Van Der Leunun sözlərini diqqətə çatdırır: “...Qarabağ münaqişəsində və Robert Köçəryanın siyasi karyerasında mühüm rolu ASALA oynayıb. R.Köçəryan Livandan Qarabağa gələn ASALA terrorçuları Davidyan və Melkonyanı “çöl komandirləri” təyin edib. Məhz bu terrorçular Xocalı, Şuşa və Laçında azərbaycanlıların qətlə yetirilməsinə görə məhsuliyyət daşıyır...”

Yekunda Arif C.Quliyev haqlı olaraq vurğulayır ki, “Ermənistanda terrorizm dövlət siyasətinə çevrilərək rəhbər elita tərəfindən xarici və daxili siyasət mexanizminin əsas vasitəsi kimi qəbul edilir. “Qarabağ ermənilərinin özünü müəyyənetmə hüququ uğrunda mübarizəsi” lozunqu altında Ermənistanda hakimiyyətə terrorizmi öz ideoloji və ərazi iddialarının təmin edilməsi üçün istifadə edən qüvvələr gəlib”.

1887-ci ildə Cenevrədə təsis edilən “Qnçak” partiyasının fəaliyyəti, onun ləğvi və sonralar dünyanın ən təhlükəli terror təşkilatlarından biri sayılan ASALA-nın yaradılmasını təhlil edərək Badri Naçkebiya bu təşkilatın rəhbərləri və fəalları, onlara Ermənistan rəhbərliyi tərəfindən bəraətin qazandırılması və sonradan bu terrorçuların Azərbaycan torğaqlarının işğalında iştirakı haqqında ətraflı danışır. Müəllif Gürcüstanın konfliktoloji məktəbinə erməni terrorizmini daim diqqətdə saxlamağı tövsiyə edir, çünki müəyyən vəziyyətlər yarananda terrorizmdən heç kim sığortalanmayıb: “Unutmaq olmaz ki, Abxaziya münaqişəsi zamanı Gürcüstana qarşı “marşal Baqramyan adına batalyon” adlı etnik ermənilərin terror təşkilatı vuruşub”.

“Qorxu və ağrı kompleksi” və müxtəlif xalqlar arasında terrorizmin yaranmasında coğrafi amilin təsirindən danışaraq Aleksandr Y.Manaçinski I Pyotrun “erməni kartı”, mənbələrə istinad edərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsindən ətraflı bəhs edir: “«Qarabağ məsələsi» adlanan məsələnin erməni məsələsinin sadəcə bir hissəsi olduğu bu gün bizim yadımızdadırmı? Erməni məsələsi isə XIX əsrin sonları – XX əsrin əvvəllərində gündəmdə olan Şərq məsələsinin bir hissəsidir”. Müəllif qeyd edir ki, hazırda terrorizm geosiyasi mübarizənin az qala ən əsas elementinə çevrilib, buna görə də xalqlar özləri müəyyən addımlar atmalı, cəmiyyətlər terrorizmə can atan nümayəndələrini qınamalı, onlarla var gücü ilə mübarizə aparmalıdır: “Əks təqdirdə qloballaşma dövründə bu cür xalq böyük geosiyasi oyunların silahına, hətta oyuncağına çevrilməyə məhkumdur”.

Erməni terrorizmi məsələsi Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənovanın “Ermənistan Hərbi Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması Dağlıq Qarabağ münaqişəsinin həlli yoludur” adlı məqaləsində də öz əksini tapıb. “Daşnaksütyun” partiyasının terrorçu fəaliyyətini və bu partiyanın siyasi fəallığını bərpa etmək üçün Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın timsalında rəsmi Yerəvanın atdığı addımları araşdıran müəllif yazır: “...2019-cu il yanvarın sonlarında tarixdə ilk dəfə olaraq “Daşnaksütyun” partiyasının qurultayı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində keçirilib. Bununla daşnaklar demək istədi ki, onlar üçün Qarabağ məsələsi əsas məsələlərdən biridir, və “bu məsələnin həllini partiya Qarabağın Ermənistana birləşdirilməsində görür”. Bunu “Daşnaksütyun” partiyasının həmsədri Kiro Manoyan bəyan edib”.

Qeyd edək ki, 2019-cu ilin fevralında turan.az saytına verdiyi müsahibəsində Manoyan Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanılmasının mümkün olmadığını və bu təqdirdə Azərbaycanın çox güman ki, yeni ərazilər itirəcəyini bəyan edərək vurğulayıb ki, bu məsələdə təmsil etdiyi partiyanın mövqeyi dəyişməzdir və Nikol Paşinyanın “Mənim addımım” siyasi hərəkatı da bu mövqeyi tamamilə dəstəkləyir.

Və erməni tərəfin məhz bu cür separatçı çağırışlarına görə danışıqlar prosesi nəticəsiz qalıb. Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq hüquqi sənədləri təhlil edərək Ş.Həsənova bu sənədlərin “xalqların özünü müəyyənetmə prinsipi” ilə bağlı müddəalarını araşdırır və beynəlxalq hüquqda “daxili özünü müəyyənetmə prinsipinin milli dövlətlərin ərazisində yaşayan milli azlıqların bu dövlətlərin ərazi bütövlüyü çərçivəsində özünü müəyyənetməsi” kimi qeyd olunduğunu vurğulayır. Fikrimizcə, bununla hər şey təmamilə aydın olur!

Topluda yer alan məqalələrin bir qismi məhz “özünü müəyyənetmə hüququ” anlayışı, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunmuş torpaqların azad edilməsi məsələlərinə həsr edilib. “Ərazi bütövlüyünə dair pozulmuş hüquqi normaların bərpası Azərbaycan dövlətinin Konstitusiya borcudur” adlı məqaləsində professor Namiq Əliyev ölkə Konstitusiyasının nizamnamələrini dövlətin ərazi bütövlüyünün təmin edilməsini tələb edən beynəlxalq hüquqi sənədlər çərçivəsində araşdırır və 1994-cü ildə Bişkek protokolunun imzalanmasından sonrakı dövr ərzində keçirilən danışıqlar prosesini təhlil edir: “25-illik nəticəsiz danışıqlar... münaqişənin, yəni Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünün bərpasına yönələn məsələnin hərbi yolla həll olunmasını qaçılmaz edir. Beləliklə, ATƏT-in Minsk qrupu, xüsusilə də onun həmsədrləri Cənubi Qafqazı yeni müharibə ilə üz-üzə qoyublar”. Fikrimizcə, məhz bu səbəbdən dünya birliyi Qarabağda aparılan hərbi əməliyyatlara qarışmayıb. Heç kim boynuna almasa da bu beynəlxalq təşkilatlarda hamı çox gözəl başa düşür ki, uzun illər ərzində onlar münaqişənin sülh yolu ilə ədalətli həlli üçün heç bir iş görməyiblər. Prezident İlham Əliyev dünya birliyinə müraciət edərək: “Problemi həll etmək iqtidarında deyilsinizsə qarışmayın” deyib. Əgər heç olmasa bunu bacarıblarsa yenə sağ olsunlar...

(ardı var)

Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: