www.science.az
11.09.2014 00:00

AMEA Eroziya və Suvarma İnstitutu və Polşa Respublikasının Texnoloji - Təbiətşunaslıq İnstitutu arasında əməkdaşlıq əlaqələri genişləndirilir

AMEA Eroziya və Suvarma İnstitutunun (ESİ) Polşa Respublikasının Texnoloji - Təbiətşunaslıq İnstitutu (TTİ) ilə bölgələrdə keçirdiyi seminarlardan sonra institutun əməkdaşları ilə görüş keçirilib.

Görüşdə TTİ-nin şöbə müdiri Hubert Piorkovski, aparıcı mütəxəssis Marek Riçarski, GİS texnologiyaları üzrə mütəxəssis Psemek Qodzinski, həmçinin Polşa Respublikasının Bakıdakı Səfirliyinin 1-ci katibi Karol Kumalski və institutun əməkdaşları iştirak edib.

Görüşdə H.Piorkovski 2008-ci ildən başlayan əməkdaşlıq əlaqələrindən danışıb. Onun sözlərinə görə, məqsəd başqa ölkələrdə fəaliyyət göstərən yerli mütəxəssisləri dəstəkləmək, texnologiyaların ötürülməsi, eyni zamanda müxtəlif ölkələr arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirməkdir.

İlk layihənin 2009-cu ildən həyata keçirildiyini bildirən H.Piorkovski azərbaycanlı mütəxəssislərin Polşada təlim kurslarında iştirak etdiyini və orada kompüter proqramları, o cümlədən coğrafi informasiya sistemlərindən istifadə bacarıqlarına yiyələndiyini diqqətə çatdırıb.

2010-cu ildə əməkdaşlıq üçün torpaqların eroziyası, quraq ərazilər üçün şorlaşma problemi və müasir texnologiyalar, xüsusilə coğrafi informasiya sistemləri, kompüter proqramlarından istifadə etməklə həmin ərazilər üçün məlumat bazasının işlənib hazırlanması istiqamətlərinin müəyyənləşdirildiyini qeyd edib.

2011-ci ildə ESİ-də coğrafi informasiya sistemlərindən istifadə üçün labaratoriyanın yaradıldığını söyləyən qonaq həmin ildə Şamaxı, Ağsu və İsmayıllı rayonlarında tədqiqatlar aparıldığını bildirib.

H.Piorkovski layihə çərçivəsində son 2 ildə Azərbaycanın şimal və şimal-qərb zonaları üçün xüsusi dəstək sisteminin yaradılmasına nail olduqlarından söz açıb. Bu sistemin gələcəkdə daha da inkişaf etdirilməsinin planlaşdırıldığını söyləyən mütəxəssis iki il ərzində yerli mütəxəssislərin bilavasitə iştirakı ilə Azərbaycanda 16 rayon üçün məlumat bazasının yaradıldığını, 3 rayon üçün aktual və potensial eroziya təhlükəlilik modellərinin hazırlandığını, Ağsu rayonunun kiçik bir hissəsində torpaq sürüşməsi təhlükəsinin müəyyən olunması və gələcək təhlükələrin modelləşdirilməsinə nail olduqlarını qeyd edib.

Yerinə yetirilmiş işləri yüksək qiymətləndirən K.Kumalski gələcəkdə bu istiqamətdə yerinə yetiriləcək işlərin vacibliyindən danışıb: “Polşa səfirliyinin qrant layihələri mövcuddur və bu layihələr çərçivəsində qarşılıqlı əməkdaşlığı davam etdirmək mümkündür”.

Layihənin Polşa Xarici İşlər Nazirliyinin maliyə dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdıran institutun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli gələcəkdə də iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.