Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tarixçi alim Məşədixanım Nemətova vəfat edib
26.12.2016 11:07
  • A-
  • A
  • A+

Tarixçi alim Məşədixanım Nemətova vəfat edib

Tanınmış tarixçi alim, "Şöhrət" ordenli, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova 2016-cı il dekabr ayının 26-da ömrünün 92-ci ilində vəfat edib.

Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indi BDU) Şərqşünaslıq fakültəsini bitirmişdir.

1948-ci ildə Azərbaycan EA-nın Tarix İnstitutunda aspiranturaya daxil olmuş, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Elmi fəaliyyətinə 1953-cü ildə Azərbaycan SSR EA Tarix İnstitutunda başlamışdır. 1993-cü ildən Arxeologiya İnstitutunda epiqrafika qrupunun rəhbəri idi.

Azərbaycanın orta əsrlər epiqrafik abidələrinin tədqiqi ilə məşğul olan alimin Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da araşdırmaları olub.

O, elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini gəzərək ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb, fars, türk dillərində daşlara həkk olunmuş daş salnamələrin səhifələrini vərəqləmiş, yeni və ən dəqiq sənədlərlə Azərbaycanın tarixşünaslıq bazasını zənginləşdirmişdir. 2500-dən artıq epiqrafik abidəni toplayıb, onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. Bu elmi fəaliyyətin nəticəsi kimi 12 monoqrafiyanın, 200-dən artıq elmi məqalənin, o cümlədən 6 cildlik "Azərbaycanın epiqrafik abidələrinin toplusu"nun müəllifi olmuşdur.

Məşədixanım Nemətova epiqrafikanı bir fənn kimi də Azərbaycanda yaratmışdır. Onun çoxillik tədqiqatları nəticəsində aşkar olunmuş epiqrafik abidələr tarixi mənbə kimi də Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynayır. Alim epiqrafik abidələrə əsasən bir sıra memarlıq abidələrinin təyinatını və tarixini dəqiqləşdirmişdir.

Tarixçi alim Zəngəzur, Laçın, Kəlbəcər, habelə Armazisxevidə (Gürcüstan), Qobustan tərəfdəki Qarabağ və digər qəbiristanlıqlarda aşkar etdiyi XIV-XIX əsrlərə aid at, qoç heykəlli və başdaşı formalı məzar daşlarında türk tayfalarına məxsus tamqaların, şamanların təsvirləri əsasında Cənubi Qafqazda türk tayfalarının yayılma arealını və beləliklə, Azərbaycanın tarixi ərazisini müəyyənləşdirmişdir.

M.Nemətova XIII-XIV əsrlərə aid Abşerondakı (Buzovna, Şağan, Yeni Suraxanı) üç türbə üzərində ərəbcə yazılmış kitabələrə əsasən xristian Suriya nəsranilərinin Abşeronda yaşamalarını, türkləşmələrini və Azərbaycan xalqının təşəkkülündə iştirak etmələrini sübut etmişdir.

Ölkə Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsindəki xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Şərəfli ömür yolu keçmiş Məşədixanım Nemətovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Alim bu gün II Zabrat qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət etsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: