www.science.az
12.02.2014 00:00

“Xaraba-Gilan arxeoloji ekspedisiyasının 2013-cü ildə apardığı arxeoloji tədqiqatlar” mövzusunda elmi seminar keçirilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda “Xaraba-Gilan arxeoloji ekspedisiyasının 2013-cü ildə apardığı arxeoloji tədqiqatlar” mövzusunda elmi seminar keçirilib.

AMEA-nın müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə keçirilən seminarda ekspedisiyanın rəhbəri Bəhlul İbrahimli Naxçıvan MR şərqində, Ordubad rayonu ərazisində, Gilan çayının mənsəbində yerləşən Aza orta əsrlər şəhər yerində, antik və ilk orta əsrlərə aid Dəlmə qalasında, Rəsul dərəsi yaşayış yerində, İkinci və Üçüncü Plovdağ nekropollarında aparılmış arxeoloji tədqiqatlar haqqında ətraflı məlumat verib.

Qeyd edilib ki, müxtəlif dövrlərə aid arxeoloji abidələrdə aparılan tədqiqatların əsas məqsədi Qədim Yaxın Şərq sivilizasiyasının bir parçası olan Naxçıvanın mədəniyyətinin öyrənilməsindən ibarətdir.

İlk dəmir dövrünə və antik dövrə aid Sumbatan-dizə şəhər yerində, antik və ilk orta əsrlər dövrünün hələlik tədqiq edilən yeganə abidəsi olan Dəlmə qalasında arxeoloji tədqiqatların başa çatmaq üzrə olduğunu söyləyən B.İbrahimli son tunc dövrünə aid yeni materialların əldə edildiyini bildirib: “Bu tapıntılardan biri olan “mitanni” tipli xurrit silindrik möhürləri tədqiq olunan dövrdə Naxçıvan ərazisində nəinki sinifli cəmiyyətin, eyni zamanda dövlətin yaranması haqda əsaslı dəlillərdən biridir.”

Seminarda antik dövr tikililərinin xüsusiyyətləri, Dəlmə qalasının arxeoloji tədqiqinin elmi əhəmiyyəti, həmin dövrdə sivilizasiya mərkəzi olan Romanın mədəni təsirinin arxeoloji tədqiqatlarda görünüşü və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.