Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.02.2017 16:15
  • A-
  • A
  • A+

İsmayıllı rayonunda "Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinin yekun tədbiri keçirilib

İsmayıllı rayonunda "Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinin yekun tədbiri keçirilib

İsmayıllı rayonunda yerləşən “Heydər Əliyev Mərkəzi”ndə “Gənclər elmi və bədii ədəbiyyat işığında” adlı layihənin yekun tədbiri keçirilib.

Qeyd edək ki, sözügedən layihə məktəblilərin elmi və bədii təfəkkürünün inkişaf etdirilməsi, onların elmi yaradıcılıq qabiliyyətlərinin, intellektual potensiallarının artırılması məqsədilə 2016-cı ilin noyabr ayından etibarən 3 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilati dəstəyi ilə həyata keçirilib. Layihə çərçivəsində İsmayıllı rayon məktəblərində sorğu-anket, təlim, müsabiqə, sərgi və digər mədəni tədbirlər həyata keçirilib, təlim və seminarlar təşkil olunub.

Layihə pilot olaraq üç məktəbdə - İsmayıllı şəhəri 1 saylı tam orta məktəbində, Təzəkənd tam orta məktəbi və Topçu kənd tam orta məktəblərində reallaşdırılıb.  

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra İsmayıllı RİH-nin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov açılış nitqi ilə qonaqları salamlayaraq, layihənin əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli  çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində uğurla həyata keçirilən siyasətdən, Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlardan söz açıb. Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq elminin və ədəbiyyatın inkişafı sahəsindəki fəaliyyətindən bəhs edən alim "Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsinin bu sahədə böyük əhəmiyyətə malik olduğunu söyləyib. Tədbirdə Azərbaycanın regionlarında elmin, təhsilin və bədii yaradıcılığın inkişaf etdirilməsində ziyalıların öhdəsinə düşən vəzifələrdən danışılıb.

Sonra Ədəbiyyat İnstitutunun əməkdaşı, layihənin rəhbəri Gülnar Yunusova çıxış edərək layihənin mahiyyəti və məqsədi barədə ətraflı məlumat verib, başa çatmış proqramın mühüm nəticələri və əsas statistik göstəricilərini diqqətə çatdırıb. Layihənin təlimçisi fil.ü.f.d., dosent Bəsirə Əzizəliyeva layihənin yekun nəticələr, həyata keçirilmiş təlimlərdə əldə olunan yekunlar və qarşıda duran vəzifələrdən danışıb.

Tədbirdə Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, fil.ü.e.d., prof. Bədirxan Əhmədov “İsmayıllı ədəbi mühiti” adlı məruzə ilə çıxış edərək, rayonun tanınmış şair və yazıçılarının yaradıcılığını təhlil edib.

İsmayıllı rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov layihənin icrası prosesində formalaşan əməkdaşlıq münasibətlərindən söz açıb.

Layihənin əsas icraçılarından olan İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin direktoru Gündüz Qədirov, Topçu məktəbinin direktoru Xavər Allahverdiyeva, Təzəkənd məktəbinin direktor müavini Ağalar Bədəlov çıxış edərək şagird elmi cəmiyyətinin, ədəbiyyat dərnəklərinin, dərsdənkənar tədbirlərin təşkilinin vacibliyindən danışıblar.

Tədbirdə müxtəlif məktəblərdə təhsil alan və ədəbiyyat həvəskarı olan şagirdlər Gülsüm Əsgərli, Aynur Hüseynova, Zərifə Həlimova, Nazənin Kazımova və Arifə Gərayeva rayonun yetirməsi olan şairlərin şeirlərini səsləndiriblər.

Sonda layihə çərçivəsində keçirilmiş təlimlərdə iştirak edən 60 şagirdə sertifikatlar təqdim olunub. İnşa müsabiqəsinin qalibləri isə diplom və mükafatlarla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: