www.science.az
12.07.2017 13:00

AMEA-da akademik Musa Musayevin anadan olmasının 95-ci ildönümü qeyd edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanın görkəmli zooloqu, Əməkdar elm xadimi, akademik Musa Musayevin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək M.Musayevin Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirib. Qeyd edib ki, M.Musayev Azərbaycanda leptospriozun ilk hərtərəfli tədqiqatçısı kimi keçmiş SSRİ-də bu sahədə aparılan elmi işlərin planlaşdırılmasında birbaşa iştirak edib, kadrlar hazırlayıb, elmi məqalələr və monoqrafiyalar yazıb. Ə.Əmiraslanov alimin "İri buynuzlu heyvanların leptospirozu" monoqrafiyasının bu günədək leptospiroz haqqında mövcud olan məlumatların yeganə elmi ümumiləşdiricisi olduğunu diqqətə çatdırıb.

Sonra AMEA-nın Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov "Akademik Musa Musayevin həyat və yaradıcılığı haqqında" mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, M.Musayev respublikada ilk dəfə ibtidailərin öyrənilməsinə başlayan yeni protozoologiya elmi məktəbi yaradıb. E.Yusifov akademikin tədqiqatları nəticəsində faunanın geniş bir qrupunu təşkil edən, sərbəst yaşayan, insanda, vəhşi və ev heyvanlarında parazitlik edən ibtidailərin növ tərkibinin, sistematikasının, parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətlərinin geniş surətdə öyrənildiyini bildirib: "Akademikin araşdırmaları nəticəsində parazit xəstəliklərinə qarşı müalicə və profilaktika tədbirləri hazırlanıb və istehsalata tətbiq edilib. M.Musayev elm üçün yeni olan 71 növ koksididən bir neçəsinə öz şagirdlərinin adını verməklə Azərbaycan alimlərini və yer adlarını elmdə əbədiləşdirib".

Direktor alimin ötən əsrin 50-ci illərində təklif etdiyi "Leptospirozun seroloji diaqnostikası" üsulunun indi də bu xəstəliyin diaqnostikasında istifadə olunduğunu vurğulayıb.

M.Musayevin təşəbbüsü ilə institutda 12 laboratoriyanın yaradıldığını deyən E.Yusifov mərhum alimin fəaliyyəti nəticəsində müəssisənin yeni kompleks binasının tikildiyini, okean və dənizlərdə işləyən "Elm" elmi-tədqiqat gəmisinin hazırlandığını, Zooloji muzey və kitab fondunun zənginləşdirildiyini söyləyib.

Tədbirdə professorlar Şaiq İbrahimov, Vaqif Verdiyev və biologiya üzrə fəlsəfə doktoru Türkan Qurbanova alimlə bağlı xatirələrini bölüşüblər.

Daha sonra yeni təsis edilən "Akademik Musa Musayev Mükafatı" təqdim edilib. B.ü.f.d. Barat Əhmədov "İlin ən yaxşı elmi rəhbəri", b.ü.e.d. Sücəddin Quliyev "İlin ən məhsuldar alimi", b.ü.e.d. Xalid Əliyev "İlin ən yaxşı laboratoriya müdiri", Səbinə Həsənova "İlin ən yaxşı gənc alimi", b.ü.f.d. Səbinə Bünyatova, Şahzadə Mədətova və Könül Tağıyeva "İlin ən yaxşı ictimai fəalı" və Herpetalogiya laboratoriyası "İlin ən yaxşı laboratoriyası" nominasiyası üzrə mükafatlarla təltif olunublar.

Sonda AMEA-nın rəsmi televiziyası Elm TV-nin yaradıcı qrupu tərəfindən ərsəyə gətirilən M.Musayevin elmi fəaliyyətindən bəhs edən "Elmə həsr edilmiş ömür" filmi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.