Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

23.10.2017 15:52
  • A-
  • A
  • A+

“Qəbələ arxeologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib

“Qəbələ arxeologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Qəbələ arxeologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

Beynəlxalq tədbirin açılış mərasimində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova, Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, akademik Teymur Bünyadov, Qəbələ arxeoloji ekspedisiyasının rəisi, AMEA-nın müxbir üzvü İlyas BabayevMilli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış ediblər.

Çıxış edənlər iki ölkə arasında elm sahəsində əməkdaşlığın nümunəsi kimi Qəbələ Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının fəaliyyətini xüsusi vurğulayıblar. Məlumat verilib ki, Azərbaycan-Koreya arxeoloji ekspedisiyası SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, maliyyə və təşkilati dəstəyi ilə fəaliyyətə başlayıb. O vaxtdan etibarən Qafqaz Albaniyası dövlətinin paytaxtı, sonralar isə Azərbaycan və Şərqin tarixində əhəmiyyətli şəhər olmuş Qəbələnin (e.ə.IV - b.e. XVIII əsrlər) üç tarixi ərazisində, eləcə də Paleolit, Eneolit və Erkən Tunc dövrlərinə aid şəhərkənarı ərazilərində hər il arxeoloji tədqiqatlar aparılır.

Bildirilib ki, Qəbələdəki arxeoloji tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və Koreyanın bir neçə elmi mərkəzinin mütəxəssislərindən ibarət komanda tərəfindən aparılır. Qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri Çuxur Qəbələ kəndindəki Arxeoloji Mərkəzin sərgi salonunda nümayiş etdirilir.

Seminarda Azərbaycan və Koreyanın tanınmış arxeoloqları qədim Qəbələ şəhərinin ərazisində apardıqları tədqiqatların nəticələri barədə məlumat veriblər.

Beynəlxalq tədbir zamanı elmi məruzələrlə yanaşı, AMEA-nın müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə Azərbaycan və Koreya arxeoloqlarının Qəbələdə birgə apardığı arxeoloji ekspedisiyalar zamanı əldə olunan nəticələr barədə illik hesabatlar dinlənilib, “Tapıntılar” kitablar toplusunun və “Qəbələ-Qafqaz Albaniyasının paytaxtı” filminin təqdimatı keçirilib.

Tədbir iştirakçıları, həmçinin qədim Qəbələ şəhərinin Antik, Səlbir və Qala adlanan ərazilərində aparılan arxeoloji qazıntı işləri, eləcə də eksponatlar və fotoşəkillərdən ibarət sərgi ilə də tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: