www.science.az
06.12.2017 10:52

Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənilib

AMEA Naxçıvan Bölməsində 2017-ci ilin elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair elmi-tədqiqat institutlarının hesabat tədbirləri keçirilib.

İlk olaraq bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun illik hesabatı dinlənilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli rəhbərlik etdiyi müəssisənin il ərzində gördüyü elmi-tədqiqat işləri barədə məlumat verərək bildirib ki, 2017-ci ilin elmi-tədqiqat işlərinin planına əsasən institutda Naxçıvan tarixinin arxeologiyası, etnoqrafiyası və epiqrafikasına dair tədqiqatlar aparılıb. Qeyd edib ki, hesabat ilində əməkdaşların 171 elmi əsəri (28-i xaricdə) çapdan çıxıb, müxtəlif mətbuat orqanlarında 70 qəzet məqaləsi nəşr olunub. Plan işlərindən əlavə, institut əməkdaşları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamına əsasən bərpa olunan Qarabağlar Türbə-Kompleksi haqqında kitab hazırlayıblar. Eyni zamanda, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar “Naxçıvan imamzadələri”, “Naxçıvan hamamları” və “Naxçıvan buzxanaları” kitabçaları ilkin variantda hazırlanıb.

Diqqətə çatdırılıb ki, 9 fevral 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə əməkdaşların müəllifi olduğu “Naxçıvan tarixi” çoxcildliyi Naxçıvan Muxtar Respublikası mükafatına, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin müəllifi olduğu “Başlanğıcın sonu, sonun başlanğıcı” kitabı isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri təfəfindən mükafata layiq görülüb.

Bildirilib ki, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə “Naxçıvan tarixinin arxeoloji, etnoqrafik, epiqrafik və Şərq mənbələri əsasında tədqiqi, arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşdirilməsi” mövzusu qrant layihəsinin qalibi olub. Cari ildə “Qədim dövr arxeologiyası” şöbəsi ilə Fransa Respublikası Milli Elmi Araşdırmalar mərkəzinin Archeorient laboratoriyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmçinin institutda elmi tədqiqat işləri ilə bağlı 10 seminar, Elmi Şuranın 10 iclası keçirilib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun illik hesabatını təqdim edən bu müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev qeyd edib ki, cari ildə institutda 1 prоblem üzrə 1 mövzunu əhatə edən 5 iş 15 mərhələdə yerinə yetirilib. Hesabat dövründə nəşr olunan elmi əsərlərin sayı artıb. Əməkdaşlar tərəfindən 11 monoqrafiya, 4 kitab, 133 elmi məqalə (16-si xaricdə), 4 tezis, 55 konfrans materialı, ümumilikdə isə 208 elmi əsər çapdan çıxıb. Müxtəlif mətbuat orqanlarında 63 qəzet məqaləsi nəşr edilib.

Qeyd olunub ki, institut əməkdaşları cari ildə 13  elmi konfrans və tədbirdə iştirak ediblər. 1 əməkdaş Türkiyə Respublikasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsində fərqləndiyinə görə təşkilatçılar tərəfindən “Təşəkkür” sertifikatına, digər əməkdaş Naxçıvan Muxtar Respublikasında 2017-ci il üçün “İlin yazıçısı” adına, Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti” ilə birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatına layiq görülüb. Hesabat dövründə institutun təsis etdiyi “Axtarışlar” jurnalının dövri nəşri təmin edilib və 4 nömrəsi işıq üzü görüb.

Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki,  hesabat ilində 146 elmi əsər çapdan çıxıb, həmçinin 5 monoqrafiya (1 xaricdə), 4 kitab, 1 dərs vəsaiti, 83 məqalə (25 xaricdə), 53 konfrans materialı (32 xaricdə) dərc olunub.

Ə.Abbasov qeyd edib ki, hesabat ilində institutun bir əməkdaşı Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən layiqli alim-Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində keçirilən “2016-cı İlin alimi” mükafat müsabiqəsinin kimya elmləri sahəsinin gənc alimlər nominasiyası üzrə qalib olmuş, diplom, medal və pul mükafatına layiq görülmüşdür.

Bioresurslar İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, akademik Tariyel Talıbov cari ildə müəssisədə 11 işin 23 mərhələdə yerinə yetirildiyini bildirib. Qeyd edib ki, tədqiqat ilində institut əməkdaşlarının 8 monoqrafiya, 2 kitab, 1 atlas və 160 elmi məqaləsi (bunlardan da 46 elmi məqalə və konfrans materialı xaricdə) nəşr olunub.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti yanında EİF-nin 2016-cı ildə keçirdiyi müsabiqədə institut əməkdaşlarının “Naxçıvan Muxtar Respublikasının tətbiq yönümlü perspektivli yabanı və mədəni qida bitkilərinin genofondunun elmi əsaslarla kompleks tədqiqi” adlı iş qrant layihəsinin qalibi olub.

Əlyazmalar Fondunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Fərman Xəlilov fondda 2017-ci ilin elmi-tədqiqat işlərinin planına əsasən 1 prоblem üzrə 1 mövzunu əhatə edən 3 işin 3 mərhələdə yerinə yetirildiyini diqqətə çatdırıb. Bildirib ki, illik hesabat dövründə fondda mühafizə olunan qədim çap kitabları və əlyazmalarının sayı 322-dən 380-ə çatdırılıb. Kitabxanada olan müasir kitabların sayı isə 202-dir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə  Fond əməkdaşlarının 1 monoqrafiya, 2 kitab olmaqla 33 elmi əsəri çap olunub.

Qeyd edilib ki, hesabat ilində Naxçıvanın elm, mədəniyyət, ədəbiyyat və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması istiqamətində də işə başlanılıb. Fondun elmi fəaliyyətini gücləndirmək məqsədi ilə AMEA-nın Əlyazmalar İnstitutu ilə əməkdaşlığa dair müqavilə imzalanıb, həmçinin əməkdaşlar Təbriz Dövlət Universiteti, Təbriz Milli Kitabxanası və digər elm və təhsil müəssisələri ilə əməkdaşlıq ediblər.

Bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev isə çıxışında bildirib ki, rəsədxanada 1 prоblem üzrə 2 mövzunu əhatə edən 2 iş 5 mərhələdə yerinə yetirilib. Bildirilib ki, 5 elmi işçinin hesabat dövründə 1 kitabı, 33 elmi məqaləsi, 1 tezisi olmaqla 35 elmi əsəri çap olunub. 

Sonda bölmənin elmi-tədqiqat müəssisələrinin illik fəaliyyətləri qənaətbəxş hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.