www.science.az
02.05.2018 10:59

AMEA Yüksək Texnologiyalar Parkında “TRİZ” layihəsinin təqdimatı olub

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) “TRİZ” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə “Kutvan Holding” şirkətinin rəhbəri Ali Bəy Kutvan, “NG Creators Club” MMC-nin və "TRIZ Yaradıcılar Zirvəsi" İctimai Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Natiq Əliyev, YT Parkın rezidentləri və Biznes İnkubasiya Mərkəzinin Startap layihələrinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə iştirakçılar YT Parkın rezidentləri – “AMEA Təcrübə-Sənaye Zavodu” MMC və "Millers-Oils Azərbaycan" MMC-nin yağ və pilotsuz uçan aparatların istehsal sahələrinə baxış keçirib, YT Parkın Mərkəzləşdirilmiş analitik laboratoriyası və Radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olublar.

Daha sonra “TRİZ” layihəsinin təqdimatı olub. Qonaqlara YT Parkın Biznes İnkubasiya Mərkəzinin fəaliyyət istiqamətləri, həmçinin “TRİZ” layihəsi haqqında ətraflı məlumat verilib.

Tədbirdə AMEA YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev rəhbərlik etdiyi qurumla Sankt-Peterburq "TRIZ Yaradıcılar Zirvəsi" İctimai Birliyi arasında imzalanan əməkdaşlıq memorandumundan danışıb. Bildirib ki, sənəddə iki müəssisə arasında birgə elmi-texniki proqramların, innovativ layihələrin həyata keçirilməsi, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsinin aparılması nəzərdə tutulur. O, bu istiqamətdə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Mərasimdə “Kutvan Holding” şirkətinin rəhbəri Ali Bəy Kutvan və “NG Creators Club” MMC-nin və "TRIZ Yaradıcılar Zirvəsi" İctimai Birliyi Azərbaycan nümayəndəliyinin rəhbəri Natiq Əliyev təmsil etdikləri qurumların fəaliyyətləri və “TRİZ nəzəriyyəsi” barədə danışıblar.

Sonda 15 yaşlı ixtiraçı Reyhan Camalova çıxış edərək AMEA YT Parkın rəhbərliyinə ona göstərilən dəstəyə görə minnətdarlığını bildirib, layihəsi və gələcək planları barədə məlumat verib. O, AMEA YT Parkın dəstəyi ilə icad etdikləri yağış sularını elektrik enerjisinə çevirən "Reynerci" qurğusunun prototipi üzərində işlərə başlanılacağını və bu qurğunun alternativ enerji mənbələrinin inkişafına geniş imkanlar açacağını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.