Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.03.2019 16:36
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elm Gününə həsr olunan seminar keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elm Gününə həsr olunan seminar keçirilib

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan elmi seminar keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq seminarın Prezident İlham Əliyevin ölkəmizdə Elm Gününün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu bildirib.

Daha sonra D.Tağıyevin "Elmin populyarlaşdırılması: elmin sürətli inkişafı və onun nəticələri haqqında" mövzusunda məruzəsi dinlənilib. Akademik elmin populyarlaşdırılmasında əsas məqsədin mürəkkəb elmi nəticələrin sadə və anlaşılan dildə ictimaiyyətə çatdırılması olduğunu deyib. O, elmin sürətli inkişafının insanların həyatını asanlaşdırdığı kimi bəşəriyyəti məhv edə biləcəyini də söyləyib.

Yaxın 50 ildə kimyanın əsas inkişaf istiqamətləri haqqında danışan D.Tağıyev mürəkkəb molekulların kimyası, gen mühəndisliyi, nano texnologiyalar və digər başqa istiqamətlərə kimyanın nüfuz etməsi hesabına bu sahənin keyfiyyətcə yeni səviyyədə inkişaf edəcəyini deyib.

Natiq maraqlı və unikal xassəli keyfiyyətə malik yeni materialların alınmasının, selektivliyi 100 faiz olan katalizatorların yaradılmasının kimya elminin başlıca hədəflərindən olduğunu vurğulayıb.

Akademik bu gün Çin, Rusiya, Böyük Britaniya kimi dünyanın bir sıra aparıcı dövlətlərində elmin populyarlaşdırılması və təbliği ilə məşğul olan institutların, laboratoriyaların fəaliyyət göstərdiyini söyləyib. D.Tağıyev hazırda ölkəmizdə AMEA tərəfindən bu istiqamətində bir sıra silsilə tədbirlərin həyata keçirildiyini, jurnalların nəşr olunduğunu, müsabiqələrin təşkil edildiyini, "Elm və İnnovasiya" proqramının yayımlandığını diqqətə çatdırıb.

O, daha sonra kimya sahəsində elmi-populyar kitablar, eləcə də elmin mənası haqqında dünya alimlərinin fikirlərini bölüşüb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında suallar cavablandırılıb.

Sonda institutun bir qrup əməkdaşı Elm Günü münasibətilə Kimya Elmləri Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: