Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

28.03.2019 15:39
  • A-
  • A
  • A+

“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

Martın 28-də AMEA-nın Əsas binasında “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbirin təşkilatçıları AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyidir.

Konfransda giriş sözü ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkə rəhbərinin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamını xatırladıb. Cəfər Cabbarlının XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olduğunu deyən İ.Həbibbəyli bildirib ki, görkəmli ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib.  Böyük yazıçının zəngin bədii irsi həmişə müasirliyini, aktuallığını saxlayır.

İ.Həbibbəyli C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən də danışıb. Qeyd edib ki, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək xalqımızın teatr zövqünün formalaşmasında görkəmli sənətkarın dramaturgiyasının böyük rolu olduğunu deyib. O, C.Cabbarlının milli və bəşəri dəyərləri ehtiva edən dramaturgiyasının bu gün də Azərbaycan teatrlarının səhnəsinin bəzəyi olduğunu qeyd edib.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova görkəmli sənətkarın çoxşaxəli bədii və ictimai fəaliyyətindən danışıblar.

Daha sonra “Aranfilm” Yaradıcılıq Mərkəzinin C.Cabbarlının 120 illik yubileyinə həsr etdiyi “Zülmətdən doğan işıq” sənədli filminin təqdimatı olub.

Konfransda “Azərbaycanda teatr fikrinin formalaşmasına C.Cabbarlının məqalələrinin təsiri”, “Ağılar və mərsiyələr padşahı: Cabbarlının pyeslərində diskursun təşkili üsulu”, “Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni”, “Estetik ideal və bədii mahiyyət”, “Qadınların ayağının altındakı cənnət (“Almaz” filmində gender problemi)”, “Cəfər Cabbarlı dilinin sadəliyi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: