Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.04.2019 15:21
  • A-
  • A
  • A+

"Müasir beynəlxalq münasibətlər və Azərbaycan Respublikasının xarici siyasəti"nə həsr olunan seminar keçirilib

"Müasir beynəlxalq münasibətlər və Azərbaycan Respublikasının xarici siyasəti"nə həsr olunan seminar keçirilib

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində "Müasir beynəlxalq münasibətlər və Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

E.Quliyev mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı, Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri və akademiyanın illik Tədbirlər Planına əsasən təşkil olunduğunu söyləyib.

Seminarın mövzusuna toxunan şöbə rəisi Azərbaycanın müstəqil dövlət kimi BMT, ATƏT, MDB, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlara üzv olduğunu, eləcə də NATO, Avropa Birliyi ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilir. E.Quliyevin sözlərinə görə, Azərbaycanın Şərq-Qərb sivilizasiyaları, Şimal-Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur: "Ölkəmizdə fəaliyyət göstərən bir çox dövlətin səfirləri də Azərbaycanla olan dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluqlarını ifadə edirlər".

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət kursunun Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artırmağa xidmət etdiyini deyib.

Sonra Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsədə doktoru Cəbi Bəhramovun "Müasir beynəlxalq münasibətlər və Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki, müasir beynəlxalq münasibətlər sisteminin əsası II Dünya Müharibəsinin sonlarında, 1945-ci ildə qoyulub və XX əsrin ikinci yarısından sonra gedən siyasi proseslərin başlıca hədəfi ölkəmizin də daxil olduğu SSRİ-nin dağıdılması olub. O, 1991-ci ildə SSRİ-nin dağıdılması ilə Cənubi Qafqazda ən böyük zərbənin Azərbaycana dəydiyini, Ermənistanın silahlı təcavüzü nəticəsində Dağlıq Qarabağın və ətrafındakı 7 rayonumuzun işğal olunduğunu vurğulayıb.

Məruzəçi ümumilli lider Heydər Əliyevin respublikada hakimiyyətə gəlməsi ilə ölkəmizin inkişaf yoluna qədəm qoyduğunu, "Əsrin müqaviləsi"nin imzalandığını xatırladıb. C.Bəhrəmov Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk, TANAP və TAP neft-qaz kəmərlərini, Bakı-Tbilisi-Qars dəmiryolu xəttini, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini Azərbaycanın xarici siyasətinin uğuru adlandırıb, eyni zamanda enerji layihələrinin ölkəmizin beynəlxalq təhlükəsizliyini təmin etdiyini söyləyib. Alim bu gün Azərbaycanın öz hərbi potensialına görə 137 dövlət arasında 52-ci, iqtisadi göstəricilərinə əsasən isə 30-cu sırada qərarlaşdığını diqqətə çatdırıb.

Hazırda Tarix İnstitutunda milli mənafelərimizin təmin edilməsi istiqamətində tədqiqatların aparıldığını deyən C.Bəhrəmov “Tarix” adlı yeni televiziya kanalının açılmasını təklif etdiklərini, həmçinin Zəngəzur, İrəvanla bağlı mühüm araşdırmalar apardıqlarını, xarici ölkələrin arxivlərindən əldə etdikləri sənədləri ölkəmizə gətirdiklərini bildirib.

Daha sonra iclasda mart ayında keçirilmiş Rəhbər Heyətin və Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: