Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.04.2019 17:05
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illik yubileyi qeyd olunub

Ədəbiyyat İnstitutunda dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illik yubileyi qeyd olunub

AMEA-nın Ədəbiyyat İnstitutunda dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunan elmi konfrans keçirilib.

Konfrans çərçivəsində yazıçının kitablarından ibarət sərgi təşkil edilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq ölkəmizin müstəqillik qazanmasından sonra Azərbaycanla Yaponiya arasında siyasi, iqtisadi əlaqələrin qurulduğunu bildirib. Qeyd edib ki, dünyanın ən inkişaf etmiş dövlətlərindən olan Yaponiya elm və texnologiyanın vətənidir və Ədəbiyyat İnstitutu bu ölkənin elmi tədqiqat müəssisələri ilə əlaqələr qurmaqda maraqlıdır.

Haruki Murakaminin yaradıcılığına toxunan İ.Həbibbəyli yazıçının əsərlərinin 50-dən çox dilə tərcümə olunduğunu və müəllifin romanlarında yapon düşüncə tərzindən başqa, Qərb fəlsəfi fikrinin də əksini tapdığını söyləyib.

Akademik konfransın iki ölkə arasında elmi əlaqələrin güclənməsinə töhfə verəcəyini vurğulayıb.

Sonra Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri Keisuke Yamanaka çıxış edərək H.Murakaminin müasir yapon ədəbiyyatının ən vacib simalarından biri olduğunu deyib. Bildirib ki, yazıçının əsərləri 1400 illik tarixi olan yapon ədəbiyyatından öz spesifik xüsusiyyətlərinə, romanlarındakı dərin psixoloji məqamlara toxunmasına görə fərqlənir.

O, konfransın H.Murakaminin əsərlərinin ölkəmizdə daha da tanınmasına xidmət edəcəyini söyləyib, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Daha sonra İ.Həbibbəyli K.Yamanakaya Ədəbiyyat İnstitutunun hədiyyələrini təqdim edib.

Konfransda, həmçinin Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun "Haruki Murakami və Azərbaycan", həmin şöbənin elmi işçisi Gülnar Yunusovanın "Yapon ədəbiyyatının görkəmli nümayəndəsi Haruki Murakami" və yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlının "Haruki Murakami və Azərbaycan dilinə tərcümə məsələləri" mövzusunda məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: